30 may 11:21sosial

ADU-da vəzifələr hərraca çıxarılıb?

ADU-da vəzifələr hərraca çıxarılıb?


Newscenter.az.30.05.2017. Azərbaycan Dillər Universitetində son günlər cərəyan edən hadisələr sözügedən təhsil ocağı ilə bu və ya digər dərəcədə bağlılığı olan hər kəsi narahat edir. Xüsusilə ADU-ya tələbəlik illərindən bağlı olan insanları. Məlumat üçün qeyd edək ki, sabiq rektorun millət vəkili seçilməsindən dərhal sonra universitetdən uzaqlaşdırılan Əfqan Abdullayev Təhsil Nazirliyində olan əlaqələrindən istifadə edərək məharətli plan hazırladı. Plana əsasən əvvəl Fransanıda təhsil almış Vazeh Əsgərovu nazirliyin gözündən salmağa və onun yerinə mərhum Dünyamin Yunusovun təyin olunmasına müvəffəq oldu. Bu dəfə D.Yunusovu nazirlikdə nüfuzdan salaraq özünün universitetə qayıtmasını reallaşdırdı Ə.Abdullayevin bu müəssisəyə hansı məqsədlə qayıtması artıq heç kimdə şübhə doğurmur. (O özünün 120 000 manatlıq və hazırki həyat yoldaşının 170 000 manatlıq son marka avtomobillərini məhz burada qazandığı pullara əldə edib). Necə deyərlər “qorğaya öyrəşən cərəzsiz qalmaz”. Bu səbəbdən o, universitetə gələn kimi 5 dekanı bir gündə işdən azad edərək yeni təyinatlar həyata keçirdi. Məqsədinə çatdıqda növbəti hədəfi müəllimlərin attestasiyasında üzünü universitetin elmi katibi Arif Quliyevə tutub dediyi kimi “Həə, Arif müəllim, dekanlarla işimizi bitirdik, indi isə keçək kafedra müdirlərinə” olub. Məlumata görə, kafedra müdiri üçün isə məbləğ 35-50000 AZN civarında müəyyən olunub. Bu məqsədlə təkcə universitetin deyil, bütün Azərbaycanın elmi elitası sayılan alimlərə qarşı iri miqyaslı kampaniya başlandı. Belə ki, rektor gün ərzində bir neçə dəfə bir-birinə zidd sərəncamlar verir və təbii ki, belə olan halda onların icrası çaşqınlığa səbəb olur. Nəticə isə “XƏBƏRDARLIQ”. Kafedra müdiri seçkili vəzifə olduğundan onların işdən azad olunması üçün bir neçə xəbərdarlıq və töhmətin verilməsi işin “uğurla” sona çarmasına köməklik edir. Əslində kafedra müdiri vəzifəsi seçkili vəzifədir, yəni kafedra müdiri kafedra üzvləri tərəfindən seçillir. İndi isə 4-5 nəfərdən ibarət komissiya bağlı qapı arxasında güya məsləhət-məşvərət edib qərar verir. Bu qərar isə təbii ki, Ə.Abdullayevin qərarı olur

Rektor əvəzinə iki katibə nəyə lazımdır?

Digər bir məsələ rektor əvəzinin özünə 3 müşavir və iki katibə işə götürməsidir. Ə.Abdullayevin təşkil etdiyi kampaniya nəticəsində Fransanın Strasburq Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almış Vazeh Əsgərov rektorun müşaviri vəzifəsindən uzaqlaşdırılandan sonra Ə.Abdullayevin həmin vəzifəyə bir deyil üç müşavir təyin etməsi azından gülünc faktdır. Çünki onların heç birinin ixtisası Universitetin profilinə uyğun deyil. Belə ki, Zaur Gözəlov Təhsil Nazirliyində sektor müdiri, Ə.Abdullayevin yaxın dostu Sülhəddin Gözəlovun oğludur və o, İqtisad Universitetini bitirib. Hətta onun magistr dərəcəsi belə yoxdur. Bu uşağın kobud və səviyyəsiz davranışı, 75 yaşlı alimə sən deyə müraciət etməsi, universitetin müəllimlərinə qarşı şər-böhtan kampaniyasının təşkili ayrıca mövzudur (yəqin elə bu əməllərinə görə o Rabitə Nazirliyindən tutduğu vəzifədən azad olunub). İkinci müşavir Ramin Məmmədov idmançı, Dillər Universitetinin profilinə qəti uyğun olmayan avtomobil alış-verişi ilə məşğul olan bir insan, Təbriz korpusunun kuratoru və orada maliyyə ilə bağlı məsələlərin ağsaqqalı.
İlqar Quliyev. MTN-dən kənarlaşdırılan bir şəxs. Hazırda professor-müəllim heyətinə qarşı universitetdə qarayaxma siyasətini məharətlə həyata keçirir.
Adları çəkilən bu şəxslər universitetdə tədris prosesini kobud şəkildə pozur, müəllim və tələbələri daim təzyiq altında saxlayır. Bir sözlə insanlara repressiya dövrünü yaşadır. Belə ki, professor-müəllim heyəti işə gələn kimi məlum olur ki, onların dərslərindən şıkayət var. Şikayət müşavirlər tərəfindən edilir. Onlar əsassız yerə cədvəldən ürəkləri istəyən müəllimlərin adlarını seçib dekan və rektora təqdim edirlər. Faktlar reallıqda özünü təsdiqləməsə də, nəticədə kafedra müdiri və müəllim xəbərdalıq almış olur. Ən əsası odur ki, istənilən məsələ ilə bağlı alimlər bakalavr təhsilli iqtisadçı, idmançı və daha kimə, kimə izahatlar yazmalı olurlar!!! Rektor əvəzinin yeni təyinatı olan, yenə MTN-nin sabiq əməkdaşı İlkin Ələkbərovun gülünc davranışı universitetdə dillər əzbəridir. Hüquqşünasın iş günü mühafizə xidmətinin əməkdaşları ilə mübahisədən başlayır. O, universitetə daxil olan zaman bütün mühafizə əməkdaşları ayağa qalxıb onu salamlamalıdırlar, əks halda o qapıda durur və hamı ayağa qalxmayana kimi içəri daxil olmur. Təbii haldır ki, hər bir gələn insan ətrafında öz komandasını görmək istəryir, lakin komanda üzvlərinin ixtisas və mənəvi keyfiyyətləri uyğun gəlmək şərti ilə.

Təhsil ocağı, yoxsa sabiq MTN-çilərin məkanı?

Təəccüblü məsələlərdən biri də pedaqoji təcrübəniun kafedralardan alınıb ayrıca bir kafedra tərkibində birləşdirilməsidir. Əslində heç bu da təəccüblü deyil. Çünki Ə.Abdullayevin əldə etdiyi gəlirlərin böyük hissəsi pedaqoji təcrübədən gəlir. Bir tələbənin 3,5 aylıq təcrübədə iştirak etməməsi 3000 manat təşkil edir. Və universitetdə söz-söhbətin yayılmaması məqsədilə təcrübə kafedrasının yaradılması və həmin kafedranın universitetdə deyil, hətta məktəbdə yerləşdirilməsi bu cirkin məqsədə xidmət edəcəkdir. Onu da qeyd etmək yerinə düşərdi ki, belə bir təcrübə nə Azərbaycan, da nə də digər ölkələrdə mövcud deyil. Təcrübə nəzəriyyə ilə sıx əlaqədə olmalıdır. Bu işlə məşğul olan müəllimlər təcrübə zamanı əldə olunan nəticələri təhlil edir, onun əsasında auditoriyada müvafiq fəaliyyət təşkil edir, yəni təcrübə ilə nəzəriyyə bir-biri ilə sıx əlaqədə olan proseslərdir. Təcrübənin ilin 3,5 ay olması və qalan vaxt orada çalışan müəllimlərin hansı işlə məşğul olması kimi absurd məsələ bütün universitet əməkdaşlarını maraqlandırır. Əfqan Abdullayev isə açıq-aşkar iclaslarda deyir “tələbə gəlmir sənin nə işinə qalıb, ölüb tələbə, dəli olub çöllərə düşüb, sənə nə?” Bəli, çünki gəlməyən tələbələr axırda diplom alanda söz-söhbət böyürür. Bu məqsədlə təcrübə ilə məşğul olan insanların sayının məhdudlaşdırılması və onların ümumiyyətlə universitetdən kənar yerləşdirilməsi rektor əvəzi üçün önəmli məsələlərdəndir. Pedaqoji təcrübənin əmri ildə bir dəfə verilməli olduğu halda bu il əmrlər may ayınadək verilirdi. Çünki işlərini düz-qoş edən tələbələr müraciət etdikcə adları əmrləşirdi. Nəticədə 3,5 aylıq təcrübəni kimisi 1, kimisi 2 ay, kimə isə 2 həftəyə keçdi. Özbaşnalığın digər bir nümunəsi Pedaqoji (ingilis-alman) və Pedaqoji (İngilis-fransız) fakültələrinin birləşdirilməsi və bu fakültənin Təhsil adlandırılmasıdır. Elmi şurada Abdullayevin fakültənin adının Pedaqojidən Təhsilə dəyişdirilməsi bütün şura üzvlərinin narazılığına səbəb olub və şurada Təhsil adı qəbul edilməyib. Lakin iki gündən sonra şuranın etirazına baxmayaraq iclasın protokolu dəyişdirilərək fakültənin adı Abdullayevin istəyinə görə, şura üzvlərinin iradına zidd, gülünc olaraq Təhsil adlandırılıb. (sanki təhsil verən yalnız bu fakültədir!).
Son günlər ADU-da sessiya imtahanlarından müvəffəqiyyətlə keçmək üçün kifayət qədər məbləğin tələb olunması məsələsinə gəldikdə bunu asanlıqla yoxlamaq olar. Kəsiri olan tələbələrin qəfildən semestrin ortasında auditoriyada peyda olması artıq ADU-da adi hala çevrilib. Yeni yaradılmış monitorinq mərkəzi və onun rəhbəri, Ə.Abdullayevin protejesi Fatma Qurbanzadə bu cinayətlərin başında duran şəxsdir. Məhz onun kompüterində bu çirkin işlər həyata keçirilir. Sessiya zamanı gün ərzində dəfələrlə F.Qurbanzadə Ə.Abdullayevin göstərişi ilə orada ballarla müxtəlif maxinasiyalar edir və bu universitetdə heç kimə sirr deyil.
Ə.Abdullayevin hansı mənəvi dəyərlərə nail olması bu universitetdə hamıya məlumdur. Məlumata görə, Abdullayevin qızı Cəmalı Əfqan qızı Abdullayeva uzun müddətdir ki, dələduzluq maddəsi ilə axtarışdadır və hələ də şikayətçilər ondan öz halal pullarını ala bilməyiblər.
Pedaqoji (hazırki Təhsil?!) fakültəsi ADU-nun əsas ixtisasıdır, yəni universitet məhz bu fakültə üzərində yaranıb. Hazırda isə bu fakültə əsas-inzibati binadan Təbriz korpusuna köçürülür. Nədəni isə heç kimə sirr deyil: Təhsil fakültəsinin dekanı prof. F.Cahangirovdur, fakültənin əvəzinə Təbriz korpusundan gələn isə filologiya fakültəsidir, dekanı isə yeni təyin olunmuş, keçmişi və bu günü ilə məşhur Vüsalə Ağabəylidir və rektor əvəzi bu xanımı yaxın ətrafında görmək istəyir. Ə.Abdullayevin yeni təyin etdiyi kadrlar bakalavr səviyyəsini bitirsələr də, universitetin professorlarından dəfələrlə yüksək maaş alırlar.

Universitet rəhbərliyinin özünəxas göstərişləri

Bu gün mətbuatda tələbələrin Ə.Abdullayevə qarşı ciddi ittihamları səslənir. Əslində tələbələr dövlət imtahanının keçirilməsindən daha çox onun hansı formada və hansı məqsədlə keçirilməsinə etiraz edirlər. Apardığımız araşdırmalar nəticəsində müəyyən olunub ki, digər universitetlərdə sualların sayı 400-ü keçmir. Tələbələri narahat edən imtahan suallarının həcminin süni şəkildə şişirdilməsidir. Bu işin başında Ə.Abdullayev olduqda nəyə xidmət etməsi məlum məsələdir. Tələbələrin digər bir narazılığı rektor əvəzinin kobud davranışıdır. Lakin tələbələr bu insanın universitetin professor –müəllim heyəti ilə danışıq tərzini görsələr, işlətdiyi ifadələri, xüsusilə senzuradan kənar ifadələri eşitsələr yəqin ki şükr edərlər. Məsələn, “soğan yeməmisən için niyə göynəyir”, “iki qadın qarşılaşır və biri o birinə deyir: bacı, köhnə ərindəsən?”, “bu universitetin müəllimlərinin çoxunuun yaşı keçib, kişi görmürlər, ona görə aqressivdirlər”. Diqqətinizə çatdırdığımız ifadələr səslənməsi bir qədər mümkün olanlardır.
Rektor əvəzinin həyat və sərgüzəştləri universitetin ictimaiyyətinin gözü qarşısında baş verdiyi üçün, bu insanın hansı mənəvi dəyərlərə sahib olaraq Dillər Universitetinə rəhbərlik etməsi təhsil ocağına silinməz ləkədir. Son günlər nəinki professor-müəllim heyəti hətta tələbələr ayağa qalxıblar. Bu isə ciddi məsələdir. Ümid edək ki, nəhayət Təhsil Nazirliyində Ə.Abdullayevə havadarlıq edən insanlar problemin nə qədər ciddi olduğunu anlayacaq və qəti tədbirlər görəcəklər.
Newscenter.az.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi