02 okt 17:50hadise, dunya

Hitlerin bunkerinin sonuncu sakini-FOTOLAR

Hitlerin bunkerinin sonuncu sakini-FOTOLAR



Almaniyanın ən sadiq əsgəri və intizamlı hərbçisi

Newscenter.az.2.10.2017.
Tanınmış rejissor Oliver Hirşqibilin 2004-cü ildə ekranlaşdırdığı "Bunker" filminə baxmamış olmazsınız. Qısa müddət ərzində populyarlaşmış, milyonlarla insanın dönə-dönə izlədiyi film Almaniya faşizminin son günlərini, o cümlədən Adolf Hitlerin həyatının son anlarını əhatə edir. Hitlerin katibəsi olmuş Traudl Yunkenin xatirələri, eləcə də arxiv materialları əsasında çəkilmiş "Bunker"də məşhur epizod var: - hər kəs bunkeri tərk edib gedir. Reyxstaq dəftərxanasında intihar etmiş Adolf Hitlerin varisi, təhsil və təbliğat naziri Yozef Gebbels, onun xanımı Maqda Gebbels, iki general və filmin operatorlarının tez-tez bizə göstərdikləri Hitleri müşayiət edən hərbçilərdən biri, eyni zamanda telefonçu əsgər qalır. İntihara hazırlaşan Almaniyanın yeni rəhbəri Gebbels xanımı ilə bunkeri tərk edir. O gedərkən üzünü telefonçuya tuturaq: "Siz daha mənə lazım deyilsiniz" - deyir. Bu rabitəçinin faşistlərə xidmətdən azad edilməsi, dağıdılmış, məğlub edilmiş Almaniyanın bütün hərbçiləri kimi onun da sərbəst buraxılması demək idi. O isə buranı tərk etmir. Əksinə sonuncu fürer Gebbelsin intiharından sonra başlarına güllə çaxan generalların üstünə mələfə ataraq yenə heç yerə getmir, bunkerdə gözləyir. 2004-cü ildə çəkilmiş filmin sonunda Roxus Mişin həmin illərdə Almaniyada yaşadığı bildirilir. 87 yaşlı keçmiş telefonçu özü də filmə telekanallarda baxır, onun rolunu ifa edən aktyorun hərəkətlərini izləyirdi. Roxus Miş və Traudl Yunke ilə aktyorların "Bunker" filmində canlandırdıqları almanlardan sağ qalan şəxslər idi. İkinci Dünya müharibəsində Almaniyanın ən intizamlı, sadiq hərbçilərindən biri Roxus Miş Otto Qyunşenin ölümündən sonra Hitlerin ölümünün son şahidi sayılırdı. Roxus həm də Hitler, Yeva Braun, Gebbels və ailə üzvlərinin ölümlərinin şahidi kimi tarixə düşdü.
Hitlerin bunkerinin sonuncu sakini-FOTOLAR

Newscenter.az bütün dünyanın "Sonuncu şahid" adlandırdığı, sonralar Adolf Hitler haqqında kitab yazmış Roxus Miş haqqında maraqlı faktları təqdim edir. Yetim uşaq, istedadlı rəssam, faşist əsgəri Roxus Miş 1917-ci ilin 29 iyulunda Sileziyada dünyaya göz açmışdı. Tikintidə fəhlə işləyən atası Birinci Dünya müharibəsi iştirakçısı idi. Uşaq yaşlarında valideyn himayəsindən məhrum olmuş Roxusu xalaları və nənəsi tərbiyə etmişdi. Orta məktəbə gedən uşaq sonralar rəssamlığa maraq göstərdiyindən Xoyersverd və Kölndə bu sahə üzrə təhsil aldı. Təhsilini başa vurduqdan sonra isə ixtisası üzrə işləməyə başladı. 1937-ci ildə könüllü olaraq Vaffen-SS-ə daxil olan Roxus Miş hərbi xidmətə başlayır. Bu xidmət ona Münhen razılaşmasından sonra Çexoslovakiyanın Sudet vilayətinin işğalının şahidi olmağa da imkan verir. O eyni zamanda İkinci Dünya müharibəsinin ilk əsgərlərindən idi. Döyüşlərdəki şücaətlərinə görə ikinci dərəcəli "Dəmir xaç" ordeni ilə təltif edildi. 1939-cu ilin sentyabrında Polşaya hücum edən faşist əsgərlərindən olan Roxus Miş Modlina yaxınlığındakı döyüşlərdən birində yaralandı. Cəbhəyə bir daha yolu düşməyən Roxus Miş bundan sonra Hitlerin qərargahında telefonçu kimi xidmətə başlayır. Fürerin qərargahında, habelə Oberzalçberqdə 1940-cı ildən 1945-ci ilə qədər telefonçu kimi xidmət göstərən Roxus Miş Hitler, Martin Borman, Yozef Gebbels, Denis, Albert Şpeyer, Henrix Himler və digər nasist rəhbərləri ilə təmasda olur, onların danışıqlarının şahidinə çevrilir. Reyxstaq bunkerinin yerini müəyyənləşdirən sovet əsgərləri 1945-ci il, mayın 2-də burada qalmış sonuncu faşitsi – telefonçu Roxus Mişi əsir götürüb Lübyankadakı Butırsk həbsxanasına göndərirlər. İslah Əmək düşərgələrində - "KULAK"da cəza çəkən keçmiş hitlerçi 1953-cü ildə azad edilir. Dərhal Berlinə qayıdan Roxus Miş ev üçün rənglər və mallar mağazası açır. Bütün dünyada populyarlaşan bestsellerin müəllifi Almaniya, habelə digər ölkələrin jurnalistləri Roxus Mişə tez-tez müraciət edərək ondan Hitlerlə bağlı müsahibə alırlar. Bu, alman faşistlərinin liderinin guya 1945-ci ilin 30 aprelində özünü öldürməməsi, Berlindən qaçaraq Latın Amerikası ölkələrində gizlənməsi haqda şayiələrin daha çox yayıldığı, ucuz sensasiya axtaran mətbu orqanlarda çap edildiyi vaxtlar idi.
Hitlerin bunkerinin sonuncu sakini-FOTOLAR

2006-cı ilin aprelində Almaniya telekanallarında "Sonuncu şahid Roxus Miş" sənədli filmi nümayiş etdirildi. Bundan iki il sonra, 90 yaşlı Roxus Mişin "Sonuncu şahid" bioqrafik kitabı nəşr edildi. Bütün dünyada məşhurlaşan kitab dərhal Argentina, Bolqarıstan, Braziliya, İspaniya, Polşa, Türkiyə, Yaponiya, Ukrayna və digər ölkələrin dillərinə tərcümə edildi. 2010-cu ildə Rusiyada da sadiq faşistin "Sonuncu şahid" kitabı rus dilinə tərcümə olundu. Hitlerin cangüdəni, telefonçusu və kuryeri 1981-ci ildə çəkilmiş "Bunker", habelə 2004-cü ildə yenidən, başqa rejissor tərəfindən ekranlaşdırılmış ikinci "Bunker" filmi, eləcə də "Sonuncu döyüş" (2005-ci il) filmləri Roxus Mişi bir qədər də məşhur etdi. Adolf Hitlerin cangüdəni, qərargahın telefonçusu olmuş Roxus Miş Hitlerə münasibətini ömrünün sonuna qədər gizlətmədi. Sonuncu şahid Hitleri "şef" adlandırmaqla fürerə ölümündən sonra da sadiq olması ilə jurnalistləri təəccübləndirirdi. "Yevanın başı Hitlerə tərəf çevrilmişdi, özü isə divanda oturmuş vəziyyətdə ölmüşdü" Roxus "Sonuncu şahid" kitabında yazırdı: "Mən onda (Hitlerdə) möcüzəli, qeyri-adi heç nə görmədim. Hər kəs kimi Hitler də adi, normal insan idi. Lakin o, insanlar üçün fürer rolunu oynayırdı. Hitler telefonçulara faşist düşərgələri haqda heç nə demirdi".
Hitlerin bunkerinin sonuncu sakini-FOTOLAR

Bu maraqlı qeydlər də Hitlerin ölümünün son şahidinin kitabındandır: "Fürer mənim gözlərimin içinə baxdı, baxışları aydın idi. Lakin həmin nəzərlər daha fürerə məxsus deyildi. Bu, Hitlerin intiharından öncə onunla sonuncu görüşümüz idi. Hitlerlə Yeva Braun intihar etmək üçün otağa girdikdən sonra yarım saat gözlədik. Sonra isə qapının açılmasını xahiş etdik. Bunu heç vaxt unutmaram: - Yeva Braunun başı Hitlerə tərəf çevrilmişdi, özü isə divanda oturmuş vəziyyətdə ölmüşdü. Lakin başı stola doğru əyilmişdi". Qeyd edək ki, Roxus Mişin 90 yaşında qələmə aldığı, bestsellerə çevrilmiş "Sonuncu şahid" kitabında fürerin intihar etdiyi divanın fotosu da yerləşdirilib. Hitlerin məşuqəsi olmuş Yeva Braun da sədaqətli əsgərin yaddaşında müəyyən izlər buraxıb: "O, çox yaxşı qız idi. Tez-tez öz istedadını göstərirdi. İdmançı kimi idi". Roxus Rusiyanın "NTV" telekanalı jurnalistinin "Siz Yeva ilə rəqs etmisiniz?" sualını "Yox, rəqs etməmişəm. Yəqin ki, bundan qorxurdum" – deyə cavablandırıb. Xatirələr, etiraflar onu göstərir ki, bəzi faşistlər Roxusu sədaqətli köpək adlandırırdı. Bəzilərinin isə sədaqətini yüksək qiymətləndirdiyi Roxus Miş 2013-cü ildə 96 yaşında Berlində vəfat etdi. Bununla da 70-ci illərdə dağıdılmış bunkerin sonuncu şahidi də dünyadan köçdü.
Anar Tağıyev
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi