06 okt 15:37siyaset, medeniyyet

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib


Newscenter.az.6.10.2017.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin deputatları, media rəhbərləri və ziyalılar iştirak edib. Konfransda giri nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Konfransın dövlət başçısının tapşırığına əsasən keçirildiyini deyən Əli Həsənov hazırda bu sahədə mövcud olan vəziyyət barədə ətraflı danışıb: "Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib". Əli Həsənov qeyd edib ki, Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olub. Fərmanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb: "Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib".

Əli Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl davam etdirir: "Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Prezidentin köməkçisi deyib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: "Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur". Əli Həsənov təəssüf hissi ilə qeyd edib ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: "Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib".
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib

Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, rəhbərlik etdiyi qurum yarandığı ilk gündən ana dilinin televiziya və radio kanallarında istifadəsini diqqətdə saxlayıb. O bildirib ki, 2003-cü ildə televiziya kanallarında monitorinq apararkən Azərbaycan dilində olan verilişlərin həcminin 50 faizdən az olduğu ortaya çıxdı, lakin sonra görülən tədbirlər nəticəsində sözügedən problem tədriəcən aradan qaldırıldı. Nuşirəvan Məhərrəmli tele-radio məkanında məişət dilindən istifadə hallarının artdığını qeyd edib və bundan narahatlığını bildirib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şura tərəfindən mediada ədəbi dil qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər keçirilir. Onun sözlərinə görə, monitorinqlər zamanı daha çox müşahidə edilən sintaksis pozuntulardır. Ə.Amaşov bildirib ki, sintaksis qaydalara əməl etməyəndə cümlələr rabitəsiz və mənasız söz yığınına çevrilir. Mətbuat Şurasının sədri deyib ki, media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi vacibdir: "Biz indiki dürumda media sahiblərinin üzərinə əməkdaşlarının ana dilini bilməsi məcburiyyətini qoymalıyıq. Təlimlər təşkil edilməlidir". O, həmçinin qeyd edib ki, bu gün digər ixtisas sahələrindən jurnalistikaya axın var ki, bu da müəyyən problemlər yaradır. Şura sədrinin sözlərinə görə, Azərbaycanda heç kim ədəbi dil normalarını pozduğuna görə cərimələnməyib: "Ancaq Avropa ökələrində dil qaydalarını pozanlara cərimə tətbiq olunur. Hesab edirəm ki, bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündür".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Azərbaycan mətbuatında ədəbi dil normaları ilə bağlı ən ciddi problemlərdən biri vergül işarəsinin istifadə olunmasıdır: "Harda "ki" görürlər, vergül qoyurlar". O, deyib ki, bu gün müasir Azərbaycan ədəbi dilinin normalarını, inkişaf istiqamətlərini publisistika formalaşdırır: "Yəni, bu gün Azərbaycan ədəbi dilinin inkişafını nə yazıçı, nə elmi dil deyil, publisistika, KİV-in dili müəyyənləşdirir". Millət vəkilinin sözlərinə görə, ən ciddi problemlərdən biri də məişət dilinin tele-radio məkanına gəlməsidir: "Bu gün şifahi dil yazılı dilə təsir edir. Bir çox hallarda aparıcılar sənət adamlarından, müğənnilərdən seçilir. Amma nəzərə almaq lazımdır ki, həmin müğənni heç orta məktəbi düzgün oxumayıb, sözü düzgün tələffüz etmir. Bunları artıq düzəltmək mümkün deyil, gərək verilişi aparmaq üçün peşəkar gətirəsən. Müğənnilər də dəvət olunsun, amma dili bilən olsun. Bəzən cümlədə beş söz olur, beşi də səhv tələffüz olunur". İctimai Televiziyanın Yayım Şurasının sədri Muxtar Imanov da mövcud problemlərdən danışaraq onların həlli istiqamətində görülməsi vacib olan məsələlərə toxunub. Bildirib ki, bu istiqamətdə ciddi addımlar atmaq zərurətə çevrilib.
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, Azərbaycan dili olduqca zəngin dildir. O qeyd edib ki, rəhbərlik etdiyi qurumun nəzdində monitorinq şöbəsi yaradılıb və bir çox yerlərdə monitorinqlər aparılır, ədəbi dilin normalarının pozuntuları aşkar olunur: "Bəzən dövlət qurumları tövsiyələri yerinə yetirmir. Dövlət qurumları, icra strukturları deyirlər ki, buna toxunmaq olmaz". M.Nağısoylu bildirib ki, Dilçilik İnstitutunda qaynar xətt də fəaliyyət göstərir. M.Nağısoylu vurğulayıb ki, qəzetlərdə korrektə işi, redaktə işi yoxdur: "Kim nə yazırsa, elə də çap olunur, əcnəbi sözlərdən istifadə olunur. Bu istiqamətdə məsuliyyət hissini artırmaq lazımdır". Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bildirib ki, televiziya məkanında ən ciddi problemlərdən biri intellektual səviyyəsi olmayan insanların verilişlərdə aparıcı olmasıdır: "Nə qədər yaraşığı olursa-olsun, intellektual səviyyəsi olmayan insanları aparıcı kimi gətirmək düzgün deyil. Nə qədər ki, intellektual səviyyəsi olmayan insanlar efirlərə çıxacaq, o qədər dilimizin üzərində qara buludlar əsəcək". Rektor aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib: "İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır".

Konfransda yekun söz sözləyən Əli Həsənov mövzununb aktuallığından danışaraq deyib ki, bu tək KİV-in məsələsi deyil, Azərbaycan dilinin saflığının qorunması və inkişafında hər bir vətəndaşın rolu və məsuliyyəti var və heç kim də bu məsuliyyətdən yayınmamalıdır. Əli Həsənov televiziya aparıcılarının peşəkarlığı məsələsinə də toxunub: "Biz çox istərdik ki, aparıcılar həm intellektli olsunlar, həm dili yaxşı bilsinlər, həm də fiziki göstəriciləri yaxşı olsun. Təəssüf edirəm ki, son 10 ildə Azərbaycanda süni reytinq arxasınca qaçmaq, Azərbaycan mentalitetinə yad olan sorğuların televiziyalara yol tapması dilimizə öz təsirini göstərir. Xüsusən, televiziya rəhbərləri bu işdə məsuliyyətli olmalıdırlar. Çünki Azərbaycan cəmiyyətinə nümunələri siz təqdim edirsiniz. Elə insanları efirə çıxarın ki, onlar Azərbaycan insanını təmsil etmək iqtidarında olsunlar". Azərbaycanda türk dilində serialların yayımının dayandırılması məsələsinə də toxunan Əli Həsənov deyib ki, vaxtıiləbəziləri bu addımı Azərbaycanda türk seriallarına qadağa kimi qələmə verirdi: "Xeyr, qadağa qoyulmurdu. Türk seriallarının yayılması Azərbaycan dilini sıxışdırırdı, biz qadağan etmədik, bu serialların Azərbaycan dilində yayılmasını təmin etdik. Bununla yanaşı, biz şərait yaratdıq ki, peyk vasitəsilə kim türk seriallarına baxmaq istəyir, baxsın". Əli Həsənov bildirib ki, Azərbaycan dilinin saflığının, inkişafının təmin olunması hər bir azərbaycanlının borcudur: "Biz günahı aparıcıların, televiziya rəhbərlərinin və ya digərinin üstünə atmaqla, heç nəyə nail olmarıq. Doğma dilin yaşadılması hər bir azərbaycanlının ümdə vəzifəsidir". Əli Həsənov hımçinin televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: "Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Yaxud Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur".
NEWSCENTER.AZ
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi