19 okt 17:45sosial

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3660 nəfər şəxsə birdəfəlik müavinət ödənilib

 Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3660 nəfər şəxsə birdəfəlik müavinət ödənilib


Newscenter.az.19.10.2017.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan3660nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib. Newscenter.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 464 manat məbləğində birdəfəlik müavinət ödənilib. Digər sosial ödənişlər kimi, qeyd olunan müavinətlərin də plastik kartlarla bankomatlar vasitəsilə ödənişi həyata keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 434 nömrəli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Hazırda Qobustan rayonunda inşası yekunlaşmaqda olan Mərkəz istifadəyə verildikdən sonra həmin şəxslərin sosial mühitə adaptasiyası, eləcə də onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd olunanlarla yanaşı, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin gələcəkdə məşğulluq imkanlarına maılik olmaları məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilir. Cari ilin 9 ayında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 164 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Kurslarda inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, dülgər-xarrat və s. peşələr öyrədilib və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri təqdim olunub.

Nazirliyin məşğulluq orqanları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması işləri də aparılır.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb