17 noy 12:34iqtisadiyyat

Rövnəq Abdullayev və BP-nin regional meneceri Qari Cons “AmCham”ın üzvləri ilə görüşüblər

Rövnəq Abdullayev və BP-nin regional meneceri Qari Cons “AmCham”ın üzvləri ilə görüşüblər


Newscenter.az.17.11.2017. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Bakıda öz üzvləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun iştirakı və çıxışlarıilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla 200-dən çox iştirakçı tədbirə cəlb olunub.

Newscenter.az-ın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın prezidenti Nurlan Kərimov və icraçı direktoru Natəvan Məmmədova qonaqları salamlayaraq işgüzar nahara əsas natiqlər qismində qoşulan Rövnəq Abdullayevə və Qari Consa öz minnətdarlıqlarını ifadə ediblər.

Öz növbəsində çıxış edən Qari Cons Azərbaycanda 2 milyard ton neftin hasil olunmasının ölkənin tarixində mühüm hadisə və şanlı səhifə olduğunu vurğulayıb.Qari Cons həmçinin BP-nin ölkədəki fəaliyyəti haqqında danışıb: “BP artıq 25 ildir ki, Azərbaycanda təhlükəsiz və səmərəli şəraitdə fəaliyyət göstərir. Biz burada çox uğurlu və etibarlı tərəfdaşlıq qurmağımızla qürur duyuruq. Bu gün həmin tərəfdaşlığın irəli apardığı tərəqqi və inkişaf möhtəşəm səviyyəyə gəlib çatıb. Bu yaxında biz Azərbaycan tərəfi ilə əsas müqaviləni 2050-ci ilə qədər uzadaraq tərəfdaşlıq münasibətlərimizdə yeni bir səhifə açdıq”.

Tədbirdə çıxışedən Rövnəq Abdullayev bu işgüzar naharı ölkə iqtisadiyyatının qabaqcıl sektorlarından biri kimi Azərbaycanın neft və qaz strategiyasına həsr etdiyinə görə “AmCham”a təşəkkürünü bildirib. O, SOCAR-ın yerli müəssisədən transmilli şirkətə çevrilməsi barədə danışaraq Dövlət Neft Şirkətinin xarici şirkətlərlə əməkdaşlığı məsələsinə toxunub, eyni zamanda, Azərbaycanın milli gəlirlərinin artırılması istiqamətində SOCAR-ın öz investisiya strategiyasını şaxələndirdiyini vurğulayıb: “Neft qiymətləri yüksək olduğuna görə neft və qaz hasilatına iri həcmli investisiyalar qoyulub. Bununla belə, SOCAR tamamilə əks mövqe tutaraq neft emalı və kimya məhsullarının istehsalına iri həcmli investisiyalar qoymaqla bərabər, öz aktivlərini şaxələndirmək qərarına gəldi. Neft qiymətləri düşən zaman biz bu qərarın sağlam məntiqə əsaslandığına daha çox əmin olduq. Biz xam neft ticarəti ilə müqayisədə kimya məhsullarının qiymətlərində daha az qiymət dəyişmələrinin şahidi olduq. Nəticə etibarilə, biz ötən illərdə neft emalı və kimya məhsullarından əvvəlki illərlə müqayisədə hətta daha böyük gəlirlər əldə etdik. Beləliklə, biz ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə bütün dünyada müxtəlif ölkələrə investisiya qoymağa davam edəcəyik”.

Qeyd edək ki, Palatanın təşəbbüsü və təşkilatçılığı ilə hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Azərbaycanda “AmCham” ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham” Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox daimi və müxbir üzvlərdən ibarətdir. “AmCham” Azərbaycanda bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.
XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu