Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun rəhbərliyi Qazax rayonunda

İlahiyyat İnstitutunun rəhbərliyi Qazax rayonunda

Newscenter.az.9.05.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Qazax rayonuna olub.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülərək, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Qazax Gənclər Mərkəzində keçirilən görüşdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Hazırda Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək, onun inkişafına böyük önəm verdiyini vurğulayıb.

Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələri Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Bildirib ki, dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət göstərir.

İnstitut haqqında məlumat verən C.Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını bildirib. Qeyd edib ki, İnstitut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən

C.Məmmədov tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürdüyünü vurğulayan M.Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açıb. O, ali təhsil müəssisəsinin keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malik olduğunu bildirib. Qeyd edib ki, dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik olan alimlər tərəfindən aparılır.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.
Xəbəri paylaş