Newscenter.az.23.10.2019. Oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.
Newscenter.az-a daxil olan məlumata görə Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ölkəmizdəki fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə yeni təyin olunmuş diplomata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, nəticədə 1 milyon 200 mindən çox insan hələ də ölkəmizdə qaçqın və köçkün vəziyyətindədir.
Qeyd olunub ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.
Dövlət Komitəsinin sədri İsveçrənin “İnkişaf və Əməkdaşlıq” təşkilatının Azərbayсandakı nümayəndəliyinin ölkəmizdə məcburi köçkünlər üçün həyata keçirdiyi layihələri məmnunluqla xatırlayıb və minnətdarlıq bildirib. Qeyd edilib ki, bu cür layihələr məcburi köçkünlər üçün təkcə maddi deyil, həm də böyük mənəvi dəstəkdir.
İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Muriel Peneveyre səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında əlaqələrin dostluq səviyyəsində olduğunu qeyd edərək, belə bir ölkədə fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xosrov