Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Provakasiyalara gəlib erməni mətbuatının manşetlərində yer almamalıyıq.



Newscenter.az.15.07.2020. Ötən gecə insanlarımız böyük ruh yüksəkliyi ilə, birlik hissi ilə Ordumuza, əsgərimizə dəstək nümayişinə çıxmışdılar. "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim qalacaq" kimi şüarların səsləndirildiyi bu yürüş ordu ilə xalqın, vətəndaşla dövlətin həmrəyliyinin, birliyinin nümayişi demək idi. Yürüşə qatılan vətəndaşlarla polislər arasında da qarşılıqlı hörmət və anlayış hiss olunurdu. Polislər yürüşə maneçilik törədə biləcək heç bir hərəkətə yol vermirdilər. Çünki dərk edirdilər ki, bu Qarabağımız üçün, ordumuza dəstək üçün nəzərdə tutulan könüllü aksiyadır, milli həmrəylik aksiyasıdır. İnsanlarımız həm də şəhid general-mayorumuzun ruhuna sayğı nümayiş etdirmək üçün yığışmışdılar. Şübhəsiz ki, vətənpərvər insanlarımız Orduya dəstək şüarlarını səsləndirdikdən və şəhidlərimiz üçün dualar etdikdən sonra dağılışıb evlərinə gedəcəkdilər. Ancaq çox təəssüf ki, biz bunun tamamilə əksinə olan mənzərələrə şahid olduq.

Bir qrup təxribatçılar sanki bu dinc yürüşü qəsdən vətəndaşlarla polislər arasında qarşıdurmaya çevirməyi və ortalığı qarışdırmağı qarşılarına məqsəd qoymuşdular. Onlar orduya dəstək şüarları əvəzinə təxribatçı şüarlar səsləndirməyə, insanları anarxiyaya, zorakılığa yönləndirməyə başladılar. Sonda isə həmin təxribatçılar azğınlaşaraq necə deyərlər, bütün qırmızı xəttləri keçdilər, Milli Məclisin qapılarını qırdılar, qanunsuz olaraq içəri daxil oldular. Bu adamlar MM-nin foyesində hər şeyi qırıb dağıtmağa, insanları dağıdıcılığa təhrik edirdilər. Nəticədə polis prosesə müdaxilə etməli oldu, güc tətbiq etdi və özbaşınalığın, qanunsuz davranışların qarşısını aldı.

Kaş ki, bu möhtəşəm aksiyanın sonu belə bitməzdi. Mən Milli Məclisə girənlərin öz içimizdən olan erməni xislətlilər, milli dönüklər olmasına əsla şübhə etmirəm. Onlar bu təxribata yol verməklə ölkəmizə, millətimizə zərbə vurdular, ordumuza qarşı pislik etdilər. MM-ə girənlər, polis maşınını aşıranlar məhz bu niyyətlə ora yığışmışdılar. Onların yürüşə heç bir aidiyyatları yox idi. Onlar çalışırdılar ki, ermənilər Azərbaycan xalqının öz dövləti ilə birlik, həmrəylik görüntülərini yox, qaragüruhun yaratdığı iğtişaşları görsünlər. Düşmən mətbuatına və sosial şəbəkə fəallarına da elə bu lazım idi. Ermənistan mətbuatı bu xoşagəlməz görüntüləri dərhal tirajlamağa və ölkəmizin əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə başladı.

Bu cür möhtəşəm aksiyanı belə bir acınacaqlı sonluqla yekunlaşdırmağa çalışmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Lakin biz toplum olaraq indiki mürəkkəb vəziyyətdə çox ayıq-sayıq olmalıyıq. Belə təxribatlara uymaq lazım deyil. Əlbəttə, hər dövrün etirazçısı da, təxribatçı ünsürləri də olacaqdır. Ancaq biz onlara fürsət verməməliyik. Bugün birlik olmaq zamanıdır. Birlik göstərməliyik düşmənə qarşı! Erməni mediasının əlinə əsla fürsət vermək olmaz!

Provakasiyalara gəlib erməni mətbuatının manşetlərində yer almamalıyıq. Belə bir həssas məqamda ölkədə siyasi çaxnaşma salmaq istəyən təxribatçıları yerində oturtmalıyıq. Eyni zamanda ermənilərin sərhəddəki, cəbhədəki təxribatlarını dünyaya yaymalıyıq. Hər birimiz başa düşməliyik ki, bu gün bu ölkəni təkcə əsgərlər qorumur. Biz də informasiya müharibəsinin fəal əsgərləri olmalıyıq.

Biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq ötən gecə yürüşün sonunda baş verən təxribatı sərt şəkildə qınayır və yürüşə çıxan vətənpərvər insanlarımızın xoş məramını, orduya dəstək niyyətini yanlış istiqamətlərə yönəltməyə çalışan xainlərin, satqınların tapılıb qanunun bütün gücüylə cəzalandırılmasını istəyirik. Bütün DADP-çilər Ordumuzun düşmənə cavab zərbələrini yüksək qiymətləndirir və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyirlər.

Biz bütün azərbaycanlıları birliyə, həmrəyliyə çağırırıq və hesab edirik ki, indi “Biz birlikdə güclüyük!” şüarının məzmununu, fəlsəfəsini sözdə deyil, əməldə nümayiş etdirməyimizin tam zamanıdır.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş