Newscenter.az.31.07.2020. Azərbaycanda koronavirusla mübarizə kompleks şəkildə davam etdirilir. Yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlər epidemioloji vəziyyətin nəzarət altında saxlanmasına xidmət edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Deputat bildirib ki, hazırda Azərbaycanda 9 modul tipli xəstəxana istifadəyə hazırdır: “Bu günlərdə Qobustan, İsmayıllı və Şəkidə də yeni xəstəxanalar istifadəyə verildi. 10-cu xəstəxananın avqust ayında istifadəyə verilməsi gözlənilir. Nəticədə bu gün əlavə 2 min çarpayı fondu yaradılıb.
Bu gün ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması COVID-19-la uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib.
Eyni zamanda pandemiyanın yaratdığı iqtisadi çətinliklərə rəğmən nəinki heç bir sosial layihə təxirə salınmayıb, sosial tədbirlər daha da gücləndirilib, layihələrin icrası rekord səviyyədə təmin olunmaqdadır. Çünki bu gün əsas vəzifə insanların layiqli həyat şəraitini təmin etməkdir. Təkcə bu il 90 min insan üçün ictimai ödənişli iş yerlərinin açılması məşğulluğun əhatə dairəsinin genişlənməsinə xidmət edir ki, bu da pamdemiyanın yaratdığı iqtisadi böhran fonunda olduqca vacibdir”.
“Vətəndaşlarımızın tezliklə sağalması və mövcud vəziyyətdən az itkilərlə çıxması üçün bütün imkanlar səfərbər edilib. Növbəti məhdudlaşdırıcı tədbirlər artıq müsbət dinamikanı təmin edib. Sevindirici haldır ki, son həftələr ölkəmizdə sağalanların sayı yoluxanların sayını üstələyib. İndi əsas məqsəd bu pozitiv dinamikanı saxlamaq və inkişaf etdirməkdir. Dövlət başçımızın Şəkidə istifadəyə verilən modul tipli xəstəxananın açılışı zamanı söylədiyi kimi, pamdemiyadan az itkilərlə çıxmaq üçün üç şərt vacibdir-məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmaq. Unutmaq olmaz ki, təkcə xroniki xəstəlikləri olan insanlar deyil, sağlam insanlar da risk altındadır. Bu da sosial məsuliyyətin artmasını şərtləndirir”, - deyə deputat əlavə edib.