Newscenter.az.31.07.2020. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının tariximizdə və xalqımızın milli dəyərlər sitemində xüsusi yeri vardır. İslam dinində Qurban bayramı böyük bayram adlanır. Bu bayram xalqımızın milli və dini duyğularının, inanclarının, adət-ənənələrinin qeyd olunduğu əlamətdar gündür. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, mal-qara, davar qurban kəsilir, dualar oxunur, Belə xüsusi günlərdə mərhəmət və səxavətli olmaq, tanıdığımız insanlarla hal-əhval tutmaq, onlarla bayramlaşmaq ən böyük nəcib əməllər sayılır. Bayramlar paylaşdıqca gözəl və bərəkətli olur.
Bütün müsəlman dünyasında olduğu kimi, İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı da bu il Qurban bayramını bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının yaratdığı fövqəladə şəraitdə qeyd edir. Dövlətimizin müdrik qərarları sayəsində pandemiyanın geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər nəticəsində ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında saxlanmasına nail olunmaqdadır.
Milli-mənəvi dəyərlərimizə və ənənələrimizə həmişə böyük ehtiramla yanaşan Azərbaycan xalqı bu bayramı sevinc və ümidlərlə qarşılayır.
Cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanizm siyasətinə əsasən cəmiyyətimizin mühüm təbəqəsi olan dindarlarla diqqət və qayğı göstərilir, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşılır, dini ziyarətgahlarımızın, məscidlərin tikintisinə, əsaslı təmirinə və yenidənqurulmasına xüsusi diqqət göstərilir. Milli-dini dəyərlərimizə olan bu ehtiram ölkəmizdə mütərəqqi islami dəyərlərin qorunmasını, cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişini, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirir.
Xalqımız əmindir ki, Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək, birliyimizi daha da möhkəmləndirəcək.
Hər birinizi Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor