
İşğaldan azad edilən yurd yerlərimizin, o cümlədən Ağdamın, Xocalının yaraları dövlətimizin qayğısı və dəstəyilə sağalır. Erməni vandalizminin viran qoyduğu şəhər və kəndlərimiz bərpa olunur, keçmiş məcburi köçkünlərimizə qucaq açır. "Böyük Qayıdış" Proqramı sürətlə və həm də uğurla icra olunur. Böyük Qayıdış 32 illik zaman kəsiyindən sonra bu gün soydaşlarımıza yeni həyat bəxş edir. Dövlətimizin başçısının Qarabağ və Şərqi Zəngəzura davamlı səfərləri burada aparılan abadlıq-yenidənqurma işlərinin daha da sürətlənməsinə, azad torpaqlarımızın yenidən dirçəlişinə təkan verir.
Prezident İlham Əliyevin iyulun 18-də Ağdam və Xocalıya səfəri çərçivəsində bir sıra obyektlərin açılışını həyata keçirməsi, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışını etməsi, Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak etməsi, Xocalıda kərpic zavodunun açılışını gerçəkləşdirməsi, eləcə də Xocalının Xanyurdu və Təzəbinə kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olaraq sakinlərlə görüşüb səmimi söhbət etməsi Böyük Qayıdışın birinci mərhələsində işğaldan azad edilən ərazilərə köçürülmüş vətəndaşlar arasında həqiqətən də dərin razılıq hissi və böyük ruh yüksəkliyi yaradır.
Sürətlə davam edən nəhəng bərpa-quruculuq işlərinin fonunda Cənab Prezidentin Qarabağa hər bir səfəri zamanı yeni istehsal müəssisələrinin, infrastruktur obyektlərinin, məktəb və məscidlərin, vağzal və icma mərkəzlərinin açılışlarının uğurla gerçəkləşməsi işğaldan azad edilən ərazilərimizin abadlaşması ilə bərabər, sosial mənzərəsinə də öz müsbət təsirini göstərir. Belə ki, Azərbaycan dövləti tərəfindən mərhələli şəkildə bərpa edilən, yenidən qurulan yaşayış məntəqələrində sosial, tibbi və təhsil infrastruktur obyektləri yaradılır. Açılan yeni iş yerləri əhalinin işlə təmin olunmasında mühüm rol oynayır. Bütün bu işlər ilk növbədə işğaldan azad olunmuş ərazilərə qayıdan vətənlarımızın rifahını, təhlükəsiz yaşayışını təmin etməyə yönəlib. Azad edilmiş ərazilərdə artıq 50 mindən çox vətəndaşımız yaşayır. Onların arasında Qarabağ Universitetinin tələbə və müəllimləri də var.
Prezidentin Xocalıya səfəri çərçivəsində daha 2 yaşayış məntəqəsinin keçmiş məcburi köçkünlərin ixtiyarına verilməsi azad edilmiş ərazilərə qayıdan soydaşlarımızın sayını daha da artırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı zamanı işğaldan azad olunan Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndləri artıq ilk sakinlərini qəbul edir. Hazırda Təzəbinə kəndinə 28 ailə (125 nəfər) qayıdıb. Bu ilin sonunadək isə bu kənddə daha 159 fərdi evin tikintisi yekunlaşacaq. Xanyurdu kəndinə isə 33 ailə (122 nəfər) qayıdıb. Önümüzdəki aylarda hər iki kəndə qayıdış prosesi davam edəcək.
Prezident İlham Əliyevin bu kəndlərin sakinləri ilə səmimi görüşü və söhbəti onların 30 il davam etmiş məcburi köçkünlük həyatının əzab-əziyyətlərinin, yaralarının qaysaq bağlaması və yeni həyata başlamaları üçün böyük mənəvi stimul oldu. Dövlət başçısı Xanyurdu kəndinin sakinləri ilə görüşü zamanı bildirdi ki, bir neçə aydan sonra Təzəbinə və Xanyurdu kəndlərində minlərlə insan yaşayacaq. Cənab Prezident hər iki kəndin sakinlərinin uzun illər çətin şəraitdə yaşadıqlarını qeyd edərək bildirdi ki, bu gün belə gözəl yerlərə qayıtmağınız ədalətin zəfər çaldığını göstərir: "Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun".
Bəli, dövlət başçımızın da qeyd etdiyi kimi xalqımız işğal illərində bütün çətinliklərə rəğmən ədalətin zəfər çalacağına inamını heç vaxt itirməyib. Bu gün qüdrətli Azərbaycan dövləti və rəşadətli ordumuz ədalətin və beynəlxalq hüququn təminatçısı kimi çıxış edir. Böyük Qayıdışın uğurla icra olunması da tarixi ədalətin təntənəsidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri