
"Rusiyanın Ukraynanın mülki infrastrukturuna qarşı ballistik raketlərlə kütləvi hücumu daha da genişlənir. Görünür, V. Putin Ukrayna qoşunlarının müqaviməti sayəsində qoşunlarının irəliləyişlər əldə etməməsindən belə bir kütləvi hücuma əmr verib. Amma, qarşılıqlı olaraq Ukrayna Rusiyanın iri şəhərlərində neft emalı zavodlarına və enerji infrastrukturuna Neptun və Flamingo raketləri ilə güclü zərbələr endirir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiyanın ötən gün Kiyevə hücumuna cavab olaraq Ukraynanın Moskvaya hücum edəcəyi mümkündür:
"ABŞ -la Rusiya danışıqları baş tutmur. Çünki, Rusiya öz mövqeyindən və ilkin tələblərindən qismən geri çəkilsə də, Ukraynanın onun nəzarətinə verilməsini tələb edir. Ukraynanın Rusiyanın orbitinə keçməsi isə, Şərqi Avropanın Rusiyanın nəzarətinə keçməsi deməkdir".
Politoloq qeyd edib ki, Qərblə Rusiya arasında diplomatik danışıqlar baş tutmadığından hərbi əməliyyatlar intensiv şəkildə davam edəcək:
"Rusiyanı sanksiyalar ilə deyil, Ukraynaya hərbi dəstəyi artırmaqla, yeni ballistik raketlər verməklə məğlub etmək olar. Ona görə də Qərbin sanksiyalar paketi effektli deyil. Nə qədər ki, Ukraynanın hava məkanı bağlanmır və yetərincə PATRİOT və ballistik raketlər verilməyincə sürünən müharibə davam edəcək. Rusiyanı yalnız cəbhə xəttində məğlub etmək və qoşunlarını Ukraynadan vurub çıxarmayınca, Qərbə qarşı təhdidlərini davam etdirəcək".
Süleyman











































