
"Yaxın günlərdə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü keçiriləcək. Prezident İlham Əliyev də sözügedən zirvə toplantısında iştirak edəcək. Azərbaycan liderinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət olunması artıq ənənəvi hal alıb. Bu da ilk növbədə həm ortaq tariximizdən, soykökümüzdən, həm də Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında "arteriya damarı", strateji körpə rolunu oynamasından qaynaqlanır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçiriləcək Məşvərət görüşü ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verməsi heç də təsadüfi deyil".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə dövlətimizin başçısı müsahibədə qeyd edib ki, bu, onun Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakı olacaq:
"Bundan əvvəl isə Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə, daha sonra isə 2024-cü ildə Astanada keçirilən görüşlərdə iştirak edib. Ölkələrimizi təkcə coğrafiyanın deyil, həm də tarixi-mədəni əlaqələrin, ortaq dini və mənəvi dəyərlərin, adət-ənənələrin birləşdirdiyini qeyd edən Cənab Prezidentimiz, eyni zamanda, Azərbaycanın bu regionla əlaqələrinin necə inkişaf etdiyi və əməkdaşlığın indiki səviyyəsi barədə də mühüm fikirlər səsləndirib. Qeyd olunub ki, Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir: "Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam".
Komitə sədri qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırmaqla bu gün dünyanın bütün əsas güc mərkəzlərinin xüsusi diqqət mərkəzindədir:
"Orta Dəhlizin də əhəmiyyəti getdikcə daha da artır. Bu dəhliz təkcə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığının genişləndirilməsinə deyil, bütövlükdə region ölkələrinin Avropa İttifaqı və ABŞ-la sıx əlaqələrinin qurulması üçün böyük imkanlar yaradır. Azərbaycan Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə region ölkələrinin dünyaya çıxışını təmin edən əsas birləşdirici mərkəz rolunu oynayır. Cənab Prezident də Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu məqama toxunaraq bildirib ki, ilk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Müsahibədə, həmçinin Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının hazırkı 30-cu ildönümündə ikitərəfli əlaqələrin vəziyyətinə də münasibət bildirilib. Dövlətimizin başçısı qeyd edib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir. Bu münasibətlərin təməlində isə tarixi-etnik birliyimiz dayanır. Prezident İlham Əliyev bildirib ki, "bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir".
Əlisahib Hüseynovun qənaətincə, Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında iki ölkənin liderlərinin sıx dostluğu da mühüm rol oynayıb:
"Bu amili Prezident İlham Əliyev də sözügedən müsahibəsində xüsusi olaraq vurğulayıb. Belə ki, o, qeyd edib ki, "münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim". Liderlərin qarşılıqlı etimada və inama əsaslanan şəxsi dostluq münasibətləri ölkələrimizin müttəfiqlik münasibətlərini daha da sarsılmaz edir.
Özbəkistan dövlətinin Azərbaycana dəstəyi və özbək türklərinin ölkəmizə qarşı xüsusi sevgi ilə yanaşmaları da mühüm mənəvi məqamlardan biridir. Rəsmi Daşkənd Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq hər zaman dəstəkləyib. 44 günlük Vətən müharibəsi zamanı da biz bu dəstəyi yaxından hiss etmişik. Həmçinin, postmüharibə dövründə Özbəkistan Qarabağın bərpasına töhfə verən ilk ölkə olub, işğaldan azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb məhz qardaş Özbəkistan dövlətinin vəsaiti hesabına tikilib. Prezident İlham Əliyev müsahibəsində həmin məktəbin tikintisinə görə Özbəkistan rəhbərliyinə bir daha minnətdarlığını bildirib və qeyd edib ki, "Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".
Komitə sədri, "Bu gün Azərbaycan və Özbəkistanın bir-birinə həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda da sıx dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Bu iki qardaş ölkə Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Eyni zamanda, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə Azərbaycan Prezidentinin fəxri qonaq qismində dəvət edilməsi isə əməkdaşlıq platformalarının daha da artmasının göstəricisidir. Bu cür görüşlər xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində həlledici rol oynayır. Daşkənd sammiti Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyətini bir daha önə çıxaracaq",-deyə vurğulayıb.
Süleyman











































