
Bir çox hallarda müşahidə etdiyimiz mənzərə hər birimizi ağrıdır və təəssüf hissi doğurur. Belə ki, valideynlər bəzən övladlarını dilənməyə məcbur edirlər. Cəmiyyət belə hallara qarşı sərt reaksiya bildirərək həmin şəxslərin valideynlik hüququnun ləğv olunmasını tələb edir. Bəs görəsən bu hüquqi baxımdan mümkündürmü?
Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov məsələ ilə bsğlı deyib ki, belə hal valideynin ailə və uşaq qarşısındakı məsuliyyətini ciddi şəkildə pozduğu üçün Ailə Məcəlləsi əsas götürülərək valideyn hüquqlarından məhrumetmə də tətbiq oluna bilər:
"Qanun uşağın təhlükəsizliyini və sağlam inkişafını təmin etməyən, onu istismara, zorakılığa və ya küçə həyatına sürükləyən valideyni uşağa münasibətdə etibarlı şəxs kimi qəbul etmir. Əgər valideyn uşağı dilənçiliyə məcbur edirsə, bu artıq uşağın həyatına və gələcəyinə təhlükə yaratmaq deməkdir və belə halda məhkəmə qərarı ilə onun valideynlik hüquqları alınır, uşaq isə dövlət himayəsinə və ya qəyyuma verilir. Bu cür halların qeydə alınması təkcə hüquq-mühafizə orqanlarının işi deyil. Müşahidə edən vətəndaşın, sosial xidmət orqanlarının, məktəbin, həkimlərin və uşaqla ünsiyyətdə olan digər qurumların məlumat vermək öhdəliyi də mövcuddur. Çünki uşaq hüquqlarının qorunması dövlətin əsas prinsipidir və hər bir uşaq təhlükəsiz mühitdə yaşamaq, təhsil almaq, sağlam böyümək və istismardan uzaq olmaq hüququna malikdir"..
Əli İbrahimov qeyd edib ki, uşağın küçədə dilənməyə məcbur edilməsi cəmiyyətdəki sosial, psixoloji və hüquqi mexanizmlərin pozulmasının ən ağır göstəricilərindən biridir:
"Bu kimi hallarda dövlətin sərt müdaxiləsi uşağın gələcəyini qorumaq üçün zəruridir. Uşaq istismarına yol vermək valideyn üçün bağışlanmaz məsuliyyətdir və qanunvericilik belə hallarda həm cəza tədbirləri, həm də valideyn hüquqlarından məhrumetmə mexanizmini tətbiq etməklə uşağın taleyini qorumağı hədəfləyir".
Süleyman











































