Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hibrid təhdidlərə qarşı müxtəlif yaş məhdudiyyətləri tətbiq olunması lazımdır

Hibrid təhdidlərə qarşı müxtəlif yaş məhdudiyyətləri tətbiq olunması lazımdır


Uşaqların sosial mediaya çıxışı ilə bağlı aparılan müzakirələr və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi bu yöndə vaxtında atılan zəruri addımdır. Qloballaşan, müasir texnologiyalardan istifadənin lübüdləşdiyi müasir dünyada bu mövzu bir çox ölkələrdə diqqətdə saxlanılan məsələdir. Bir çox inkişaf etmiş ölkələrdə uşaqların sosial mediaya çıxışının tənzimlənməsi istiqamətində ciddi addımlar atılır, tədbirlər görülür. Doğrudur, bu yöndə fərqli baxışlar və yanaşmalar da var. Bəziləri bu məhdudiyyətləri mənfi qarşılayır.

Sosial şəbəkələrdən normal istifadə edən uşaqların hüquqlarının və imkanlarının da məhdudlaşdırılması kimi yanaşırlar. Ona görə də tam məhdudiyyət yox, sərhədlər, hüdudlar, filterlər tətbiq olunmalıdır. Uşaqların şəxsi məlumatlarının qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və zərərli məzmunlardan müdafiəsi və ən əsası isə hibrid təhdidlərə qarşı müxtəlif yaş məhdudiyyətləri tətbiq olunması lazımdır. Azərbaycanın da bu proseslərə qoşulması zamanın tələbi və yaranmış zərurətdən doğur. Bu, həm də milli maraqlarımız, mənəvi dəyərlərimiz və uşaqların təhlükəsizliyinin təmin olunması sarıdan vacibdir. Sərhədsiz şəkildə yaş məhdudiyyəti olmadan sosial şəbəkələrdən istifadə internet mühitində dezinformasiya, kibertəqib, zorakılıq təbliğatı, təhlükəli çağırışlar və müxtəlif manipulyativ təsirlər uşaqlar üçün ciddi risklər yaradır, eyni zamanda dünyaya baxışını, psixoloji durumunu mənfi istiqamətə yönəldir. Ümumiyyətlə fiziki, psixoloji sağlamlığına da mənfi təsir göstərir.

Bu yöndəki təcrübə sübut edir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda diqqət dağınıqlığı, asılılıq, sosial təcrid, aqressiya, narahatlıq və depressiya halları müşahidə olunur, ailədən uzaqlaşma meylləri yaranır. Ölkəmizdəki reallığı və artıq ictimai müzakirələrdə də qeyd edilən həqiqətləri nəzər aldıqda həddən artıq sosial şəbəkələrdə olan uşaqların təhsil göstəricilərinin də aşağı düşdüyünü görürük.

Yüksək balla ali məktəblərə qəbul olunan şagirdlərin böyük əksəriyyəti sosial şəbəkələrdən, hətta telefondan belə məhdud istifadə edən uşaqlardır. Çünki virtual mühitdə keçirilən uzun vaxt təhsil göstəricilərinə mənfi təsir göstərir. Ona görə də müəyyən yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatını məhdudlaşdırıb onları təhsilə, mütaliəyə, idmana, fiziki-mənəvi tərbiyəyə, yaradıcılığa və xüsusən ailələri, yaxınları ilə əyani sosial ünsiyyətə yönəltmək lazımdır. Bunun üçün də təhsil, tədris müəssisələrində müvafiq proqramlar olmalı, idman üçün orta məktəblərdə həvəsləndirici layihələr həyata keçirilməli, maarifləndirmə aparılmalıdır. Xüsusən, sərhədsiz informasiya axınının cəlbedici, lakin mahiyyəti etibarı ilə mənfi təsirlər qoyan nəticələrindən xilas olmaq üçün uşaqları əsasən idmana yönəltmək gərəkdir. Bunun üçün də orta məktəblərdə idman dərslərinin keçilməsi üçün şərait yaradılmalıdır.

Təəssüf ki, ölkəmizdə əksər orta məktəblərdə fəsillərin tələblərinə uyğun olaraq uşaqların idmanla məşğul olmasına imkanlar ya yoxdur ya da məhduddur. Hesab edirəm ki, bu yöndə tədbirlər görülməlidir. Fəqət məsələyə əks tərəfdən baxsaq, dünya təcrübəsi göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin birbaşa həlli nisbidir. Əgər sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, kiber təqib, əyani, canlı, sistemli ailədaxili sosial ünsiyyəti azaldır və başqa mənfi nəticələrə səbəb olursa digər tərəfdən də sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstək almağa kömək göstərir, müxtəlif qrupların özlərini ifadə etməsinə şərait yaradır, istedadını istifadə etmək, istiqamət müəyyən etmək üçün imkanlar yaradır. Ona görə də tam qadağan etmək yox, tənzimləmək, sərhədləri müəyyən etmək və istifadə istiqamətlərini sağlamlaşdırmaq lazımdır.

İdmana həvəs göstərən uşaq təbii ki, sosial şəbəkələrdə də idmanla əlaqəli proqramlar axtarışında olacaq. Müəyyən yöndə istedad və qabiliyyəti olan uşaq o istiqamətdə axtarışda olacaq. Lakin istiqaməti müəyyən olunmamışlar üçün qeyri-müəyyən axtarışlar, boş zaman israfı təhlükəli yön ala bilər. Odur ki, uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın verdiyi imkanlardan faydalanmasına sağlam, doğru, zəruri şərait yaradılmalıdır. Çünki nəyisə qadağan edib məhdudlaşdıranda onun yerini daha yararlı olanla doldurmadıqda daha ağır fəsadlar meydana çıxır. Bu boşluğu doldurmaq üçün isə xüsusilə fiziki tərbiyə, öz istedad və bacarıqları yönündə uşaqların fəallığa cəlb olunmasına səylər artırılmalıdır. Belə olduqda texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin, uşaqların birgə səyləri nəticəsində bu məsələnin öhdəsindən gəlmək olar.

Uşaqların erkən yaşlarda zərərli informasiya axınından qorunması üçün yaranmış boşluğu onların milli-mənəvi dəyərlərə olan mənəvi ehtiyaclarının ödənməsi yönündə doldurmaq da mühümdür. Milli düşüncədə, mənəviyyatı zəngin, vətənpərvər, çevik və zirək olması üçün uşaqların öncə fiziki, mənəvi sağlamlığını təmin etmək gərəkdir. Bu yöndə görülən tədbirlər və müzakirələr zamanı valideyn məsuliyyətinə də xüsusi diqqət ayrılmalıdır. Təhsil müəssisi kimi müəyyən mövzusularda valideyn də öz məsuliyyətini dərk etməlidir. Çünki bu, eyni zamanda sosial yaşamla bağlı məsələdir ki, məsuliyyətin bir yönü də burada valideynlərə aiddir.

Tural İrfan, Milli Cəbhə Partiyasının sədr müavini
Xəbəri paylaş