Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionun gələcək siyasi və iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyan tarixi sənəd

Regionun gələcək siyasi və iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyan tarixi sənəd


Ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan–Türkiyə münasibətləri müstəqillik illərindən sonra daha da inkişaf edərək təkcə region üçün deyil, ümumilikdə dünya üçün nümunəyə çevrilib. İki qardaş ölkənin istər şad, istərsə də ağrılı-acılı günlərdə bir-birinin yanında yer alması bu bağları daha da möhkəmləndirib, dərinləşdirib. Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Bakı–Ankara qardaşlıq əlaqələrini təkcə siyasi sahədə atılan addımlar deyil, eyni zamanda enerji və nəqliyyat sahələrində həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr də möhkəmləndirir, bu münasibətlərə yeni rəng qatır.

Siyasi əlaqələrdən iqtisadi əməkdaşlığa və strateji tərəfdaşlığa çevrilən Azərbaycan–Türkiyə münasibətləri bu gün möhkəm hüquqi bazaya, Bakı ilə Ankara arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sazişlərə və Şuşa Bəyannaməsinə əsaslanır. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi müasir Azərbaycan tarixinin ən mühüm siyasi sənədlərindən biri hesab olunur.

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi zəfər qazanaraq öz ərazilərini işğaldan azad etməsindən sonra regionda yaranmış yeni reallıq həmin dövrdə heç də bütün yaxın və uzaq ölkələr tərəfindən qəbul edilmirdi. Bəzi dövlətlərin isə bu reallıqla barışmaq fikrində olmadıqları açıq şəkildə ifadə olunurdu. Belə bir şəraitdə Şuşa Bəyannaməsinin imzalanması həm də Türkiyənin Cənubi Qafqazda yaranmış yeni reallıqlara zəmanətçi olduğunu dünyaya nümayiş etdirirdi. Yəni, Şuşa Bəyannaməsi təkcə Azərbaycan–Türkiyə əməkdaşlığının yeni dövrün tələblərinə uyğun olaraq genişləndirilməsini özündə ehtiva etmirdi. Bu siyasi sənəd həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların hüquqi-siyasi ifadəsi idi. Bəyannamə Azərbaycan və Türkiyə arasında uzun illər ərzində formalaşmış strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirməklə yanaşı, regionun təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat və enerji siyasətinə də əhəmiyyətli təsir göstərəcəyinin xəbərçisi sayılırdı.

Şuşa Bəyannaməsi bir əsrlik tarixi yenidən təkrarlamaqla yanaşı, həm də müasirliyi, yeni dünya nizamına, reallıqlara və gələcək əməkdaşlıq istiqamətlərinə uyğun addımlar atmağı özündə ehtiva edirdi. Bəyannamənin imzalanması zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Sənədin əsas istiqamətlərindən biri isə, heç şübhəsiz ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yarandığı halda qarşılıqlı məsləhətləşmələrin aparılması və birgə fəaliyyət mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bu müddəa sənədə müttəfiqlik xarakteri qazandıran əsas elementlərdən biri hesab edilir.

Sənəddə həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, regional kommunikasiyaların açılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi kimi məsələlər öz əksini tapmışdır. Bu aspektdə Bəyannamədə qeyd edilən Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edirdi. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars–İğdır–Aralıq–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı–Tbilisi–Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.

Nəhayət, Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda baş qaldırmış revanşistlərə, eyni zamanda onların xarici havadarlarına ünvanlanmış mesaj idi. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması və dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı.

Bütün bu müddəalar nəzərə alınmaqla, Şuşa Bəyannaməsi haqlı olaraq müasir Azərbaycan diplomatiyasının və Azərbaycan–Türkiyə münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri hesab edilir. Bu sənəd Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın möhkəmlənməsinə hesablanmış hüquqi baza rolunu oynadığından, onu həm də bütövlükdə regionun gələcək siyasi və iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyan tarixi sənəd kimi xarakterizə etmək mümkündür.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Xəbəri paylaş