Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva 5-ci İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı Türkiyənin nüfuzlu KİV-lərinə açıqlama verib-FOTOLAR

Könül Nurullayeva 5-ci İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı Türkiyənin nüfuzlu KİV-lərinə açıqlama verib-FOTOLAR


İslam Əməkdaşlıq Təşkilatı İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva V İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərilə tanışlıq məqsədilə Konyaya səfəri zamanı Türkiyənin nüfuzlu KİV-lərinə açıqlama verib.

Newscenter.az xəbər verir ki, 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək oyunlara hazırlığı yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, oyunlar üçün Konyanın seçilməsi ən uğurlu seçimlərdən biridir:

“Mövlananın şəhəri olan Konya zəngin tarixə və mədəniyyətə malikdir. Hesab edirəm ki, Konya ən yaxşı yarışlardan birinə ev sahibliyi edəcək.”

Səlcuq Universiteti Dilek Sabancı Konservatoriyasında Könüllülərin Hazırlıq Proqramına da qatılan K.Nurullayeva Türkiyənin ilk olimpiya velodromu, üzgüçülük hovuzu, atletika kimi idman obyektlərinə baş çəkdiyini və şəhərin idman infrastrukturunun yarışlara tam hazır olduğunu bildirib:

“Hazırda hazırlıqların son mərhələsidir. Hər şey yüksək səviyyədədir. Konyanın oyunlara yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminəm. Ümid edirəm ki, bu, İslam Həmrəyliyi Oyunları tarixində ən yaddaqalan yarışlardan biri olacaq”.

Azərbaycan-Türkiyə qardaşlığına da toxunan deputat bildirib ki, “bizi bir-birimizə bağlayan bağlar çox güclüdür. Bütün dünya bu birliyi görür. İki ölkə həmişə bir-birinin yanındadır. İslam Oyunlarında da yanınızdayıq. İstər könüllülərin iştirakı, istərsə də oyunların təşkili ilə bağlı qardaş ölkəyə dəstək olmağa hazırıq”.

55 ölkədən 5 min idmançının iştirak edəcəyini qeyd edən deputat Türkiyə Təşkilat Komitəsinin fəaliyyətinə də toxunub. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də qardaş Azərbaycanın təmsilçisi kimi təşkilati işləri yüksək qiymətləndirib.

Ruhiyyə
Xəbəri paylaş