Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölümdən qorxmağa dəyməz, ən qorxaq adamlar da ölür

Ölümdən qorxmağa dəyməz, ən qorxaq adamlar da ölür


Bir baxın, həyat adlı bu səhnədə milyardlarla insan harasa getməkdədir. Hamısının da boynunda bir lövhə var: “Sən ölümə məhkumsan”.

“Dirilik suyunu böyük İsgəndər, axtardı ömrünün sonuna qədər”. Keçmişlərə nəzər salın, qədim Fironlardan tutun, günümüzün Fironlarına qədər hamısı ölümsüzlük axtarıblar, ən əsası isə bundan ötrü onlar heç bir zülmdən, əzazillikdən çəkinməyiblər. Bu mənada ölüm çox ədalətlidir, hər kəsi öldürür, Böyük İsgəndəri də, Həbəş Bilalı da. Ölüm haqda düşünəndə çox zaman (Nizaminin qələmi ilə) İsgəndərin anasına yazdığı məktub yadıma düşür: Anacan bu məktub sənə çatarkən, çatıb qaşlarını kədərlənmə sən. Bu dünya fanidir, əbəs ağlama, mənmçün yas tutma, qara bağlama! Dünyanın əzəldən axırı budur, əyilmə ələmdən, mətanətlə dur. Dünya bir kimsəyə qalmışsa əgər, səni də qoy üzsün bu qəm, bu kədər. Ancaq bu dünyanı fani görəndə, başqaları kimi toxdaq ol sən də. Yox əgər bunlara baxmayaraq sən, mənmçün yasxana qurmaq istəsən, əvvəlcə şahanə bir məclis düzəlt, gözəl yeməklərdən bir süfrə bəzət. Çağır yasxanaya, xalqı, hər nə var, bütün gələnləri elə xəbərdar. “qəbirdə adamı yoxsa hər kəsin, buyursun süfrəyə doyunca yesin.”

Əgər yemiş olsa onlardan biri, sən də ye dünyada acı qəmləri.
“Qəbirdə adamı yoxsa hər kəsin,
Buyursun süfrəyə doyunca yesin.”
Varmı elə biri?!

Ölüm hadisəsinə qərbin başqa, şərqin başqa yanaşması var, qərb məsələyə fəlsəfə gözü ilə, fiziki hadisə kimi, şərq isə, könül gözü ilə, İlahi hadisə kimi baxır. Fəlsəfə ilə dinin fərqi bilirsinizmi nədir? Fəlsəfə sübut edir ki, bu gəliş-gedişin, bu həyatın heç bir məqsədi, heç bir mənası yoxdur və bunu deməklə də, həyatın mənasını yox edir. Din isə bizə daha üstün bir həyat və ölümsüzlük vəd edir, bu gerçək bir şey olmasa, belə, “həyatın heç bir mənası yoxdur”- fikrindən daha dəyərlidir. Ümidlər ölümə qalib gəlir. Hitlerin ölüm kamplarından sağ çıxan insanları həmin ümidləri ayaqda tuturdu. Bu yaxınlarda bir dost yazdı ki, “sizin həyatınız çox çətin keçib, əgər təkrar dünyaya gəlmək imkanı olsaydı, gələrdinizmi?”

Məmməd Araz deyirdi ki, “Birdə gəlişimə zəmanət olsa, gəlməzdim mən belə dünyaya tövbə"... Mən də gəlməzdim, özü də ona görə yox ki, peşman olduğum və ya kaş belə olmayaydı dediyim nələrsə var, yoxdur, bəlkə də mən dünyaya gəlmiş nadir adamlardan biriyəm ki, həyatda arzu etdiyim hər istəyimə yetişə bildim, daha bir daha nə üçün gəlim ki?.. Yenə bir rəvayət yadıma düşdü: Hökmdar bir məclis qurubmuş, o, əl atıb bir siqar yandırmaq istəyir, məclisdəki adamlar yer-yerdən çaxmaqdaşı çıxarır, bir-birinə çaxırlar amma alışdıra bilmirlər. Adamlardan biri çaxmaq daşını alır, bir çaxışa qoya od salır. Bunu görən hökmdar onu tərifləyərək əhsən deyir. Adam qalxır ki, hökmdar sağ olsun, hələ ondan da yaxşı yandıra bilərəm. Hökmdar sakitcə deyir: yandır. Adam nə qədər çalışsa da qonu alışdıra bilmir. Belə adama deyirlər axmaq. Bu çaxmaq daşı bir dəfədən daha yaxşı necə alışdıra bilər? Bu mənada mən ömrümü mümkün olan ən yaxşı şəkildə yaşadım və yaşayıram, daha nə üçün bu dünyaya təkrar gəlmək istəyim ki? Əgər məndən soruşsalar ki, nə işlə məşğulam? Deyərəm ki, ölümə hazırlaşıram, başqa görəcək bir işim qalmadı. Əslində bu həyatın sonunda ölmək heç də pis deyil. Ölümdən qorxmağa dəyməz, bir bax ki, ən qorxaq adamlarda ölür.

Əli İbrahimov
Xəbəri paylaş