
"Son illərdə Azərbaycanın qeyri-hökumət təşkilatları uğurlu inkişaf yolu keçiblər. Əgər müstəqilliyin ilk illərində qeyri-hökumət təşkilatları yalnışlıqla dövlətə qarşı fəaliyyət göstərən bir təşkilat kimi xarakterizə edilir, hökumətdə, cəmiyyətdə bir QHT xofu olurdusa, hazırda isə situasiya tamamilə fərqlidir. Artıq qeyri-hökumət təşkilatları bir institut kimi qəbul edilir, onun uğurlu fəaliyyəti üçün dövlət və onun müvafiq qurumları tərəfindən lazımı şərait yaradılır".
Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva 27 fevral Beynəlxalq QHT Gününün əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, Azərbaycan QHT-ləri nə qədər çətin də olsa uğurlu bir yol keçib, özünü təsdiqləyə bilib:
"Qeyri-hökumət təşkilatlarının uğurlu fəaliyyət göstərməsində dövlətin və onun müvafiq qurumlarının dəstəyini xüsusi qeyd etmək lazımdır. Bu mənada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması və bu qurumun müntəzəm olaraq QHT-lər üçün qrant müsabiqəsi keçirməsini də məhz dövlətin vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsi kimi xarakterizə etmək olar. Öz növbəsində QHT-lər də həyata keçirdikləri layihələr. ortaya qoyduqları fəaliyyətlərlə bu etimadı doğrultmağa çalışır, öz işlərini milli və dövlətçilik maraqlarına uyğun şəkildə qururlar".
Anar Əliyev