
"Abdullah Öcalan çağırış edir ki, silahı buraxın. Salih Müslüm deyib ki, buraxa bilərik, ancaq bizim bu davanı siyasi səhnədə aparmağımıza imkan verilsə. PKK diplomatik yolla bitə bilməz. Bu adamları bağışlasalar onların məclisə yolu açılacaq. Leyla Zana, Pərvin Buldanı qəbul etmək olmur, digərləri necə qəbul ediləcək? Əgər bu məsələ siyasi müstəvidə qəbul ediləcəkdisə niyə Səlahəddin Demirtaşa həbsdədir? Niyə Demokratik Toplum Partiyası, Barış və Demokratiya Partiyası kimi siyasi kürd partiyalarının fəaliyyətinə qadağa qoyuldu?".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmirəliyev PKK lideri Abdullah Öcalanın terror təşkilatı üzvlərinə silahı yerə qoymaq çağırışına münasibət bildirərkən səsləndirib. O deyib ki, Öcalanın sağında əyləşmiş Ahmet Türk hər bələdiyyə seçkilərində Mardin Böyükşəhər Bələdiyyəsinin sədri seçilir, sonra hökumət onun sədrliyini PKK ilə yaxınlıq səbəbindən ləğv edir, yerinə qəyyum təyin edir:
"PKK- nın siyasi yolla bitirilməsi xülyadan başqa bir şey deyil. İdeoloji olaraq zərbə vurulması da boş söhbətdir. PKK kənar dövlətlər və Türkiyənin şərqində formalaşmış feodal tayfa qruplarının hökumətə təzyiq vasitəsi kimi istifadə etdiyi, maddiyyat üzərində fəaliyyətini davam etdirən silahlı qrupdur. Nə ideologiya, hansı ideologiya? Hələ Azərbaycanda bir çoxları tərəfindən PKK-nın legitimliyi məsələsi də müzakirə edilir. PKK legitimlik lazımdır? Nəzərinizə çatdırım ki, bu AK Partiya hökumətinin Öcalandan ilk istifadəsi deyil. Uşaqlığımız Türkiyə kanallarından bu açılım nağıllarını izləməklə keçib. Bu prosesi başdan-ayağa izləmişəm. 21 mart 2013-cü ildə Diyarbəkirdə Novruz mərasimində Abdullah Öcalanın məktubu oxunmuşdur. Məktubda PKK Türkiyə sərhədlərini tərk etmək çağırışı edilirdi. Həmən ilin 25 aprelində təşkilatın faktiki lideri Murad Karayılan jurnalistlərlə böyük bir mətbuat konfransı keçirir və 8 maydan etibarən geri çəkiləcəklərini bildirir. 26 iyunda Ərdoğan Türkiyə Ziyalılar Fondunun üzvləri ilə Baş Nazirlik binasındakı görüşündə PKK-nın onları aldatdığını, sadəcə 15 faizinin geri çəkildiyini bildirir. PKK isə 9 sentyabrda geri çəkilməni dayandırır. Bundan sonra PKK-nın liderlərindən olan Cəmil Bayık verdiyi açıqlamada "Öcalan orda çarmıxa çəkilmiş vəziyyətdədir. Onun hansısa plan qurmaq, danışıq aparmaq gücü yoxdur. Onun hər hərəkəti, danışığı, sözü kamera vasitəsi ilə izlənilir. Əgər olan qurulacaqsa bunu biz edəcəyik, Öcalan deyil " şəklində açıqlama vermişdir. Kürdlər içində Öcalanın nüfuzu varmı, var. Bu bir gerçəkdir. PKK içində adamın böyük gücü var. Ancaq onlar ona əsir kimi baxır. Öcalan öz siyasi varlığını sonlandırıb, tarix olub. Artıq Abdullah Öcalan yoxdur. PKK üçün o, ölü kimi bir şeydir. Onun şəxsiyyətinə hörmət edirlər, onun haqqında əfsanəvi rəvayətlər danışırlar, lakin tarixi şəxsiyyət kimi baxırlar. 26 ildir həbsdə olan birinin sözünə heç kim etibar etməz. Bir anlıq soyuqqanlı düşünün. Türkiyədə bir kürd siyasi hərəkatı var, bu gerçəyi heç kim dəyişdirə bilməz, açıq etiraf edək, onun rəhbəri Abdullah Öcalan deyil, onun rəhbəri hazırda həbsdə olan Səlahəddin Demirtaşdır. 2019-cu ili xatırlayın, Əkrəm İmamoğlu İstanbulu necə qazandı? Əgər PKK siyasi səhnəyə dönərsə bu Demirtaşın gücünə güc qatacaq. Ümumiyyətcə, Türkiyənin siyasi həyatında bundan sonrakı rolu Hakan Fidan və Əkrəm İmamoğlu, müəyyən qədər də Fateh Ərbakan və Səlahəddin Demirtaş kimi şəxslər oynayacaqlar. Bu 4 şəxsi ciddi şəkildə izləmək lazımdır".
Anar Əliyev