Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Azərbaycanın tələbini yerinə yetirir?

Paşinyan Azərbaycanın tələbini yerinə yetirir?


"Ermənistanın baş naziri Nikol Paşinyan, xalqa müraciət edərək Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, Ermənistanda heç vaxt vətəndaşların Konstitusiyanı özlərinin qəbul etdiyi hissi olmayıb və bunun səbəbi siyasi proseslərlə bağlıdır: "Ermənistan Konstitusiyasının vətəndaşlar tərəfindən qəbul edildiyi hissi yoxdur. Heç kim özünün ona səs verdiyini düşünmür. Sizə məlum olan siyasi səbəblərə görə bu qəbul prosesi baş tutmayıb”. Bunun ardınca isə ölkənin ədliyyə naziri Srbui Qalyan deyib ki, yeni Konstitusiya üzərində iş gedir və proses 2026-cı il seçkilərinə qədər tamamlanmalıdır. Sənəd insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunu tənzimləyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı ilə yaxınlaşma çərçivəsində artıq 30-dan çox qanun layihəsi uyğunlaşdırılıb və proses davam edəcək".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildiib ki, istər Paşinyanın, istər də onun nazirinin etdiyi çıxışda diqqət çəkən məqam onların gözlənilən 2 əsas mətləbin üzərindən keçməsidir:

"Birinci məsələ Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün irəli sürdüyü tələblərdir. Rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyə əlehinə irəli sürülən ərazi iddialarının yazıldığı maddələrin ləğvini tələb edir. Azərbaycanın bu məsələdə tam haqqı çatır. Çünki bu maddələrin Ermənistan konstitusiyasında olması gələcək revanşlar üçün hüquqi əsas yaradır. Azərbaycana kosmetik sülh müqaviləsi deyil, qalıcı sülh lazımdır. Bunun üçün isə İrəvan Bakının bu tələbini yerinə yetirilməlidir. Ancaq istər Qarabağ klanı, istərsə də keşiş Baqratın dəstəsi Paşinyanı Azərbaycanın diktəsi ilə Konstitusiyanı dəyişməkdə ittiham edirdilər. Şübhəsiz ki, əlavə maddələrin salınmasındakı əsas məsələlərdən biri məhz Bakının tələb etdiyi həmən o maddələrin ermənilərin ana qanunundan çıxarılmasıdır".

Politoloq deyib ki, Nikol Paşinyanın konstitusiya referendumundakı ikinci hədəfi isə ölkənin idarəetmə sistemində planlaşdırılan dəyişiklikdir:

"Paşinyan prezident hakimiyyətini gücləndirmək və yenidən ölkəni əvvəlki idarəetmə sisteminə qaytarmaq niyyətindədir. Bir neçə il öncə prezident Armen Sarkisyanın qəflətən istefaya göndərilməsindəki əsas səbəb də məhz bu idi. Paşinyan bu cür mühüm dəyişiklərin Serj Sarkisyanın diqtəsi ilə seçilmiş prezidentin dövründə həyata keçirilməsini istəmirdi. Erməni baş nazirin gücləndirilmiş prezident hakimiyyəti yaratmaq istəməsinin əsas səbəbi hələ də Qarabağ klanının təsir edə bildiyi ordunu ali baş komandan olaraq tam nəzarəti altına almaq və dövlət bürokratiyasını ən aşağıdan yuxarı öz adamları ilə yenidən qurmaqdır. Ermənistan hökuməti konstitusiyaya ediləcək dəyişikləri Avropa İttifaqına inteqrasiya və daxili hüquqi boşluqların tənzimlənməsi kimi təqdim edir. Halbuki referendumda əsas hədəfin 2 məsələ - Azərbaycanın tələb etdiyi maddələrin əsas qanundan çıxarılması və Paşinyanın xeyrinə dövlət idaretməsində dəyişiklərlə bağlı olduğu aydın məsələdir".

Anar Əliyev
Xəbəri paylaş