Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlak üçün yararsız 127821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib



Newscenter.az.9.07.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Agentliyin fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir.

Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu müddət ərzində sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, maddi-texniki bazanın formalaşdırılması, yoxlama, nəzarət və digər səlahiyyətlərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.

Agentlik sədri bildirib ki, ötən 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib.
Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək müddətdə bu cür imtina hallarının sayı 36 idi.
Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib.

Agentlik tərəfindən həyata keçirilən yoxlamalar zamanı insan həyatı və ya sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 134 təsərrüfat subyekti haqqında 140 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar qəbul edilib.

Ötən müddətdə karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran İslam Respublikasına və Gürcüstan Respublikasına geri qaytarılıb. Həmçinin aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 255.9 ton məhsul məhv edilib və 390 nəqliyyat vasitəsi, habelə 838.092 ton və 187164 m3 məhsul müxtəlif üsullarla zərərsizləşdirilib.
Xəbəri paylaş