
Nazlı Dağ: “Təəssüflər olsun ki, insanlarda boş, mənasız şeylərə inanc yaranıb”
Gerçək bir həqiqət var ki, hələ də cəmiyyətin əksəriyyəti astrologiya ilə məşğul olanları, bürclərlə, runik əlifba ilə insanlardan mənfi enerjini alıb onlara müsbət enerji ötürənləri yalnış olaraq cadugər kimi qəbul edir, hətta onu Allaha, onun müqəddəs kitabına şirk kimi qələmə verirlər. Bəs əsl gerçəklik nədir? Astrologiyanı, runik əlifba ilə işləməyi cadugərliyə bağlamaq nə dərəcədə doğru yanaşmadır? Bu və ya digər suallarla əslən Azərbaycandan olan, hazırda isə qardaş Türkiyədə yaşayan astroloq, runoloq, yazar Nazlı Dağ ilə söhbətləşdik. Newscenter.az-a verdiyi müsahibədə Nağlı Dağ bir sıra mətləblərə aydınlıq gətirib.
-Nazlı xanım, əvvəla onu qeyd edim ki, bir müddət Sizin sosial şəbəkə üzərindən paylaşımlarınızı izlədik və maraq kəsb etdi. O üzdən Sizinlə müsahibə götürmək qərarına gəldik. Öncəliklə sualım bundan ibarətdir ki, neçə ildir bu sahədə çalışırsınız və belə bir fəaliyyət şəxsi istəkdən irəli gəlir, yoxsa qohum-əqrabada zamanında bununla məşğul olanlar olub?
-Bəlkə də çoxları inanmayacaq, ancaq mən bu fəaliyyətə 9 yaşımdan başlamışam. Əvvəla onu deyim ki, Azərbaycan Pedoqoji Universitetini bitirmiş pedoqoq-psixoloqam. İkinci ali təhsil kimi Azərbaycan Müəllimlər Universitetini bitirmişəm. Ziyalı ailəsiyəm. Özüm də Qarabağdanam. Azərbaycanda yüksək vəzifələrdə çalışan qohumlarım var. 2026-cı il üzrə Türkiyədə tanınmış astroloqlardan biriyəm. Kifayət qədər geniş sosial şəbəkə izləyicilərim, səhifələrim var. Mən müsəlman aləminin unutduğu bir yolla gedirəm. Buna runik həriflər deyirlər. Runik həriflər Oğuz türklərinin zamanında istifadə etdiyi həriflər olub. Bir müddət əvvəl Azərbaycanın Göygöl rayonunda keçirilən Oğuz türklərinin festivalında da iştirak etdim. Həmin festival zamanı runalar haqqında bəzi paylaşımlar edilmişdi. Onu da oxucuların diqqətinə çatdırım ki, mən həm də yazıçıyam və bu səbəbdən işim həm də runalarla işləməkdir. Həmin runalar birbaşa kosmosa bağlanan qədimi əlifbadır. O əlifbadan proqramlar yaradıb insanın qismətini dəyişdirə bilirəm. Hətta bunun kitabını da yazmışam.

-Bununla əlaqədar Sizə sosial şəbəkə vasitəsilə çoxmu müraciət olur? Müraciət edənlər nəticədən razı qalırlarmı?
-Nəticə mənim səhifələrimdən bəllidir. Milyardlarla insana bununla bağlı iş görmüşəm. İndiyə qədər elə bir təcrübə olmayıb ki, hansısa işdən nəticə əldə etməyim. Əgər bir insan neqativ əhval-ruhiyyədədirsə, inanmırsa, əlbəttə ki, o insanla runalarla işləmək olmaz. Çünki runalar neqativ yox, pozitiv inancla çalışır. O birbaşa bizdən çıxan dalğalara bağlıdır. Məsələn, iki insana iş görürəmsə, pul yollarının açılması, yaxud iş həyatında yüksəlişlə bağlı, onlardan birinin işi sürətli, digəri ləng gedə bilər ki, bu da inancla bağlı olan məsələdir.
-Əsasən müraciətlərdə hansı məsələlər üstünlük təşkil edir?
-Müraciətlər müxtəlif məzmunlu olur. Həyat yollarının düzəlməsi, psixoloji dəstək xarakterli müraciətlər daha çox olur. Yaxud autizmli uşaqlarla bağlı müraciətlər edilir. Qeyd etdiyim kimi mən həm də pedoqoq-psixoloqam. Mənim övladım da autizm sindromu ilə doğulub. Allaha şükürlər olsun ki, mən onu müalicə edə bilmişəm və artıq 4-cü sinifə gedir. Ona görə də bu tipli müraciətlər də çoxluq təşkil edir. Eyni zamanda maddi vəziyyətin düzəlməsi üçün müraciət edənlər olur. Həmçinin, sevgi ilə bağlı da müraciətlər edilir. Onu da qeyd edim ki, bunların cadu ilə heç bir əlaqəsi yoxdur və bu bir elmdir, insan aurasına bağlı şəkildə çalışılır.
-Bəzən deyirlər ki, birinin probleminə çarə olanda onun mənfi enerjisi sənə yüklənir və bir müddət halsızlıq yaranır. Sizdə də eyni situasiya yaşanırmı?

-Bəli, tamamilə doğru deyirsiniz. Bəzən yox, ümumən həyatımız bundan ibarətdir. İnsan anadan olduğu andan etibarən neqativ enerjini özünə doğru yığır. Hamımızda bu eynidir. Elə bir istisna yoxdur ki, onda olmasın. Çünki aura elə açıq vəziyyətdədir ki, neqativ və ya pozitiv enerjini dərhal özünə cəkir. Mənim işimsə o auranı, 7 çakranı təmizləməkdir. Aura və çakralar təmizləndikdən sonra nəticə əldə olunur. Mən də öz növbəmdə runik proqramlarla, duzla, digər təmizləmələrlə həmin mənfi enerjidən özümü qorumağa çalışıram. Eyni zamanda mənim bilinc altım da mənə köməklik edir və özümü qoruma altına alıram.
-Bəziləri bu fəaliyyəti dinə, Qurana, Allaha zidd sayırlar. Bu iddialar nə dərəcədə doğrudur və onlara cavabınız nə olar?
-Əlifbamızda olan həriflərin Qurani-Kərimlə nə əlaqəsi var? Bu bir əlifbadır, cadu deyil ki. Simvolikadır. Nə yazıq ki, müsəlman aləmində belə şeylərə cadu adı qoyublar. Əsla belə deyil. Bu bir elmdir. Məsələn bürclərimiz. Mən həm də astroloqam. Bürclər astrologiyadır. Astrologiya göy üzünün cismlərini öyrənən elmdir. Qədimdə buna yıldıznamə deyirdilər. O vaxt münəccimlər bu işlə məşğul idilər. O demək deyil ki, ulduzları öyrənmək cadugərlikdir. Qətiyyən. Bu bir elmdir və ulduzların düzülüşü bizə hansısa bürcün göstəricisini verir.
-Eyni mövzu ilə bağlı Azərbaycandan da Sizə müraciət edib kömək istəyənlər olurmu?
-Təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən, Almaniya, Fransa, hətta Afrikadan belə yazanlar var. Deyərdim ki, bütün dünya mənə yazır. Bu bir elmdir və mən bu elmi inkişaf etdirməyi, dərinləşdirməyi düşünürəm. Təəssüflər olsun ki, insanlarda boş, mənasız şeylərə inanc yaranıb. Bunlar hamısı xurafatdır. Mən əllə tutulan, gözlə görünən şeylərə inanaram.
Süleyman İsmayılbəyli










































