
"Bu gün Qusarda ilk qar yağıb. Qarlı qış Qusara xüsusi gözəllik gətirir. Qarın yağması hər şeydən əvvəl təbiətin gözəlliyi, bərəkət və bolluq rəmzidir Təbii ki, qarın yağması ilə yanaşı, qış mövsümünün yaratdığı müəyyən çətinliklər də olur. Bu baxımdan, qışa hazırlıqla bağlı işlərin vaxtında görülməsi xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə yerli dövlət qurumlarının fəaliyyətini müsbət dəyərləndirmək olar. Qeyd etmək istəyirəm ki, hazırda Qusar rayonunun 8 kəndində eyni vaxtda sürətlə qazlaşdırma işləri davam etdirilir. Əsas hədəf qış mövsümü tam başlamamış evlərin təbii qazla təmin olunması və sakinlərin soyuq havalarda istiliklə bağlı hər hansı çətinlik yaşamamasıdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin Qusardan seçilən deputatı Azər Badamov sözügedən rayonda mövcud vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Qusarda qış mövsümünə hazırlıq istiqamətində görülən işlər təqdirəlayiqdir:
"Yerli dövlət qurumlarının və aidiyyəti strukturların həyata keçirdiyi tədbirlər qarşıdakı qışın rayon sakinləri üçün daha rahat və təhlükəsiz keçməsinə imkan yaradacaq.

Eyni zamanda, qarlı qış Qusarın təbiətinə xüsusi bir gözəllik bəxş edir. Əminəm ki, bu qış rayona gələcək çoxsaylı qonaqların və turistlərin gözəl istirahətinə də öz töhfəsini verəcək. Qusarın qarlı dağları, əsrarəngiz təbiəti və gözəl mənzərələri hər kəsdə xoş təəssürat yaradacaq.
Fürsətdən istifadə edərək hər kəsi bu qış Qusara gəlməyə, rayonumuzun bənzərsiz təbiətini, qarlı dağlarını və gözəlliklərini öz gözləri ilə görməyə dəvət edirəm. İnanıram ki, Qusarda keçirəcəyiniz qış günləri sizin üçün unudulmaz xatirələrə çevriləcək.
Qoy bu qış ölkəmizə, o cümlədən doğma Qusarımıza bol qar, bol bərəkət, sakinlərimizə və qonaqlarımıza isə xoş, firavan və yaddaqalan günlər gətirsin!".
Süleyman












































