
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, qətiyyətli mövqeyi və mahir diplomatiyası nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, otuz illik işğala son qoyulmuşdur. Rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı tarixi zəfər düşməni təslim aktına imza atmağa məcbur etdi və məhz dövlət başçımızın siyasi iradəsi sayəsində 2020-ci il noyabrın 20-də Ağdam rayonu bir güllə belə atılmadan, hərbi itki verilmədən Azərbaycana təhvil verildi. Strateji əhəmiyyətinə və düşmən tərəfindən illərlə möhkəmləndirilməsinə baxmayaraq, bu bölgənin döyüşsüz azad edilməsi dövlət rəhbərimizin yüksək idarəçilik məharətinin və siyasi uzaqgörənliyinin parlaq təzahürüdür. Bu əlamətdar hadisənin tarixi əhəmiyyətini nəzərə alaraq, cənab Prezidentin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il noyabrın 20-si ölkəmizdə Ağdam Şəhəri Günü kimi rəsmiləşdirilmişdir. İşğal illərində tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş bu qədim diyarı yenidən həyata qaytarmaq üçün dövlətimiz tərəfindən sistemli və irimiqyaslı proqramlar icra olunur. Cənab Prezidentin şəxsi nəzarəti və mütəmadi səfərləri çərçivəsində Ağdamda müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış kompleksləri, sənaye parkı, müasir yol-nəqliyyat infrastrukturu, təhsil və səhiyyə müəssisələri inşa edilir, tarixi-mədəni abidələrimiz əsaslı şəkildə bərpa olunur. Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə köçürülməsi və burada yüksək həyat şəraitinin yaradılması dövlət siyasətimizin sosial yönümlü mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu əlamətdar gündə ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə möhkəm cansağlığı diləyir və əminliyimizi ifadə edirik ki, dövlət başçımızın müdrik rəhbərliyi ilə yenidən qurulan Ağdam yaxın illərdə ölkəmizin ən qabaqcıl iqtisadi və mədəni mərkəzlərindən biri kimi inkişaf edəcəkdir.
İlham Məmmədov,
Milli Məclisin deputatı












































