Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyasının yaranması: tarixi zərurətdən irəli gələn siyasi proses

Yeni Azərbaycan Partiyasının yaranması: tarixi zərurətdən irəli gələn siyasi proses


"Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçilik tarixinin mühüm siyasi hadisələrindən biridir. Bu partiyanın meydana gəlməsi müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin, dövlət idarəçiliyindəki böhranın, siyasi sabitliyə və milli birliyə olan ehtiyacın nəticəsi idi. 1990-cı illərin əvvəllərində Azərbaycan həm müstəqil dövlət kimi formalaşmaq, həm də Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyi şəraitdə ərazi bütövlüyünü qorumaq kimi ciddi çağırışlarla qarşı-qarşıya idi.

Həmin dövrdə cəmiyyətdə siyasi məsuliyyət daşıyan, dövlətçilik maraqlarını ön plana çəkən, ölkəni böhrandan çıxarmaq və müstəqilliyin dönməzliyini təmin etmək iqtidarında olan siyasi qüvvəyə ehtiyac yaranmışdı. Yeni Azərbaycan Partiyasının təsis olunması məhz belə bir tarixi-siyasi zərurətdən irəli gəlirdi".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu:

"Lakin müstəqilliyin əldə edilməsi onun qorunması, möhkəmləndirilməsi və gələcək inkişafının təmin olunması qədər çətin və məsuliyyətli vəzifə idi.

1991–1992-ci illərdə ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, idarəetmədə qeyri-sabitlik, iqtisadi çətinliklər, sosial problemlər və Qarabağ müharibəsinin yaratdığı ağır vəziyyət dövlətçiliyin gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğururdu. Siyasi qüvvələr arasında qarşıdurma, hakimiyyətin zəif idarəçilik imkanları və cəmiyyətdə yaranmış parçalanma ölkənin qarşısında duran problemlərin həllini daha da çətinləşdirirdi.

Belə bir şəraitdə Azərbaycan cəmiyyətində güclü dövlətçilik təcrübəsinə malik siyasi liderin rəhbərliyi altında birləşmək, milli maraqları müdafiə etmək və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək ehtiyacı meydana çıxmışdı.

Məhz həmin tarixi mərhələdə xalqın böyük etimad göstərdiyi, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Heydər Əliyevin siyasi proseslərə qayıdışı məsələsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilmişdi.

Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaradılması yalnız yeni bir siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, müstəqil Azərbaycanın gələcəyinə dair siyasi baxışların, dövlətçilik ideyalarının və milli həmrəylik çağırışlarının təşkilatlanmış siyasi platformada birləşdirilməsi təşəbbüsü idi".

Arzuman Muradlı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranma tarixində 1992-ci il oktyabrın 16-sı xüsusi əhəmiyyət daşıyır:

"Həmin gün Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfərlik təşəbbüs qrupu Heydər Əliyevə müraciət ünvanladı. «Azərbaycan Sizin sözünüzü gözləyir» adlı müraciətdə ölkənin düşdüyü ağır ictimai-siyasi vəziyyətdən çıxarılması, müstəqilliyin qorunması və milli dövlətçiliyin möhkəmləndirilməsi məqsədilə yeni siyasi partiyanın yaradılması təklif olunurdu.

Müraciət müəllifləri Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis edilməsini zəruri hesab edir, onun zəngin siyasi təcrübəsinin və dövlətçilik fəaliyyətinin ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayırdılar.

Oktyabrın 24-də Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək bu təşəbbüsü qəbul etdi. Beləliklə, partiyanın yaradılması istiqamətində təşkilati hazırlıq işlərinə başlanıldı.

Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçild".

Süleyman
Xəbəri paylaş