
"Azərbaycanın enerji sahəsində artan strateji əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol və ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırır.
Bu gün Azərbaycan yalnız neft və qaz ixracatçısı deyil, həm də Avropanın enerji təminatının şaxələndirilməsində, regional enerji bağlantılarının qurulmasında və yaşıl enerji keçidinin həyata keçirilməsində mühüm tərəfdaşdır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq qarşılıqlı maraqlara, etibarlı əməkdaşlığa və uzunmüddətli iqtisadi perspektivlərə əsaslanır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Avropanın Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək istəyinin əsas səbəblərindən biri enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsidir:
"Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ölkələri enerji təchizatında alternativ mənbələrə və etibarlı tərəfdaşlara daha çox üstünlük verməyə başlayıblar. Bu baxımdan Azərbaycan Avropanın enerji strategiyasında mühüm yer tutur".
Arzuman Muradlı diqqətə çatdırıb ki, Azərbaycanın Avropaya təbii qaz ixracı 2020-ci ildən başlayıb:
"Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən bu ixracat Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır.
Avropa Komissiyasının məlumatına görə, Azərbaycan 2025-ci ildə Avropa İttifaqının 8 üzvü də daxil olmaqla, ümumilikdə 14 ölkəyə qaz tədarük edib. 2026-cı ilin yanvarından isə Azərbaycan qazının Almaniya və Avstriyaya ixracına başlanılıb. Bununla da Azərbaycan qazı Avropanın daha geniş coğrafiyasında strateji əhəmiyyət qazanıb".
Süleyman












































