
TƏBİB yarandığı gündən Azərbaycan səhiyyəsi üçün əlavə idarəetmə probleminə çevrilməklə yanaşı, Səhiyyə Nazirliyinin funksiyalarını paralel şəkildə mənimsəyərək dövlət səhiyyəsində ikili idarəetmə və səlahiyyət bölgüsü problemi yaratmışdı. Nəhayət, cənab Prezidentin imzaladığı fərmanla TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə keçdi.
Ancaq TƏBİB-in problemi təkcə idarəetmə modelində deyil. Əsas problem dövlət səhiyyəsinin kommersiyalaşdırılması, tibbi xidmətin vətəndaşa göstərilən sosial təminat çərçivəsindən çıxarılaraq müxtəlif ödənişlər və yığımlar vasitəsilə gəlir mənbəyinə çevrilməsi, sırf fürsətçi yanaşmanın idarəetmə praktikasına çevrilməsidir.
Bu qənaətimi şəxsi iştirakımla da əsaslandıra bilərəm.
Çox yaxın bir adamım rayonlardan göndəriş əsasında Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Ədalət naminə qeyd edim ki, müalicə həkiminin diqqəti, peşəkarlığı və xəstəyə münasibəti təqdirəlayiqdir. Ancaq xəstəxanadakı ümumi mənzərə tamamilə fərqlidir: demək, xəstəni ziyarət etmək üçün hər girişə görə 11 manat rəsmi ödəniş tələb olunur. Söhbət xəstəyə tibbi xidmət göstərilməsindən deyil, yaxınlarının öz ailə üzvünü ziyarət etməsindən gedir. İcbari tibbi sığorta ilə müayinə və əməliyyat olunan xəstənin yaxınlarının onu görməsi ödənişlidir. Özü də istənilən saatda ödə-keç və heç bir gigiyenik qayda, yuxu və prosedur rejimi gözlənilmədən.
Burada konkret hüquqi suallar meydana çıxır: xəstəni ziyarət etmək üçün tələb olunan 11 manat hansı normativ hüquqi aktla müəyyən edilib? Bu ödənişin hüquqi və iqtisadi əsası nədir? Vətəndaşın yaxınını ziyarət etməsi hansı əsasla kommersiya xidmətinə çevrilir?
Bir həftə ərzində xəstənin bütün dərmanlarını və digər ehtiyaclarını da öz vəsaitimiz hesabına qarşıladıq. Hələ də fəaliyyətdə olan TƏBİB-in fürsətçi idarəetmə fəlsəfəsinin mahiyyəti də elə budur: dövlət xəstəxanasında xəstənin müalicəsindən tutmuş yaxınlarının ziyarətinə qədər hər şeyin pul yığımına çevrilməsi.
Həmçinin, sığorta ilə aparılan müalicə və əməliyyata görə xəstə-vətəndaş dərman və digər tibbi ləvazimatları özü ödəməlidirmi? Məgər tibbi ləvazimatlar, dərmanlar sığortaya daxil deyilmi?
Tibb bacısının da belə xəstəyə münasibəti xəstənin yaxınlarının onun kartına pul köçürməsi ilə bağlıdır.
Digər tərəfdən, xəstəxananın ərazisindəki çoxsaylı parklanma nəzarətçiləri və mühafizəçilərin fəaliyyəti də ayrıca araşdırılmalıdır. Əksəriyyəti heç bir tanıma nişanı və xüsusi geyim formasında deyil. Bu qədər işçinin saxlanılması hansı əmək və maliyyə prinsipləri ilə tənzimlənir? Onların əməkhaqqı hansı vəsait hesabına ödənilir? Dövlət büdcəsindənmi, yoxsa xəstəxanada həyata keçirilən müxtəlif ödəniş və yığımlardanmı? Əgər bu yığımlar hesabına maliyyələşmə həyata keçirilirsə, həmin vəsaitlərin həcmi, təyinatı və uçotu necə müəyyənləşdirilir?
Yığımlar nə qədər çoxdursa, belə bir sistemin gəlir dövriyyəsi və maliyyə maraqları barədə suallar da bir o qədər ciddiləşir.
Görünən odur ki, TƏBİB-in qurduğu sistem göstərdiyi hər bir "xidmətə", müalicə və əməliyyata görə paralel olaraq həm dövlət büdcəsini, həm də xəstəni talayır...
Çox güman ki, indi də TƏBİB Səhiyyə Nazirliyinə yox, nazirlik TƏBİB-in fürsətçi, kommersiya düşüncə sisteminə uyğunlaşdırılır.
Vüqar Dadaşov












































