Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bu bölgənin əzəli-əbədi güc və söz sahibidir

Azərbaycan bu bölgənin əzəli-əbədi güc və söz sahibidir


Bu gün 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından altı il ötür. Bəyanat müstəqil Azərbaycan tarixinin ilk qalibiyyət sənədi, dövlətçilik tarixində isə havadarları hesabına daim irəliləyən Ermənistanın birinci təslimçilik aktı idi.

Məlumdur ki, cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı. Lakin Atatürkün anım günü ilə üst-üstə düşdüyü üçün cənab Prezident Zəfər Gününün noyabrın 8-də, Şuşanın işğaldan azad edildiyi tarixdə qeyd olunması barədə müdrik qərar qəbul edərək qardaş xalqa və liderinə olan hörmət və ehtiramımızı bir daha ali səviyyədə ifadə etdi. Yəni əslində 10 noyabr qalibiyyətimizin rəsmiləşdiyi gündür.

Məlumdur ki, Ermənistan kapitulyasiya aktı imzaladıqdan sonrakı ilk dövrlər – 2020-ci ilin sonlarında Ağdam, Kəlbəcər və Laçını boşaltmağa məcbur olmaqla kapitulyasiya aktının şərtlərinə əməl etsə də, sonrakı periodlarda Qərbin, xüsusən də Fransanın və Makronun orbitində olan bir sıra dövlətlərin təhriki ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışdı. Nəticə etibarilə, bölgədə yenidən vəziyyət gərginləşdi. Azərbaycan Fərruxda, Qırxqızda, Sarıbabada, Şuşa ətrafında həyata keçirdiyi lokal tədbirlərlə, eləcə də 2022-ci ilin sentyabrında sərhəddə atdığı addımlarla Ermənistanı sülhə məcbur etməyə çalışsa da, İrəvan Qərbin ritorikasına qapılaraq konstruktiv mövqedən uzaq qaldı.

Nəticədə, 2023-cü ilin sentyabr ayında müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu cəmi bir-neçə saat davam edən antiterror tədbirləri ilə düşməni yerlə-yeksan edib, ikinci kapitulyasiya aktını imzalamağa və qanunsuz "rejimi" özünü buraxmağa məcbur etdi. Bununla da Azərbaycan BMT qətnamələrini öz gücü hesabına icra etməklə yanaşı, 10 noyabr Bəyanatının həmin vaxta qədər kağız üzərində qalan müddəalarını – qanunsuz silahlı dəstələrin çıxarılmasını tam reallaşdırdı.

Təbii ki, Azərbaycan hərbi-siyasi müstəvidə istənilən üstünlüyə tam şəkildə nail olub. Siyasi arenada Prezident İlham Əliyevin formalaşdırdığı dəyişilməz reallıq fonunda Ermənistan anlayıb ki, prosesləri ləngitmək yalnız onun "fail state" statusunu dərinləşdirir. Məhz bu dərketmə nəticəsində son dövrlərdə imzalanmış mühüm sənədlər – o cümlədən Vaşinqton bəyannaməsi regional münasibətlərdə tamamilə yeni, konstruktiv mərhələnin təməlini qoydu. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin, o cümlədən qarşılıqlı ticarət elementlərinin başlanması İrəvanın nəhayət ki, reallıqla barışmaq məcburiyyətində qaldığını göstərir. Eyni zamanda, alternativ nəqliyyat layihələri, o cümlədən İranla imzalanmış müqavilə əsasında Naxçıvanla quru əlaqəsinin təmin edilməsi istiqamətində atılan addımlar Azərbaycanın təşəbbüskarı olduğu geoiqtisadi xəritənin alternativsiz olduğunu sübut etdi.

10 noyabr Bəyanatının 6-cı ildönümündə mənzərə tamamilə fərqlidir. Bu gün Azərbaycan regionda yalnız hərbi qüdrəti ilə deyil, həm də sülhün, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın əsas memarı kimi çıxış edir. Müzəffər Ali Baş Komandanın iki vün öncə Şuşadan dünyaya verdiyi mesajlar bir həqiqəti qəti şəkildə ortaya qoydu: Azərbaycan bu bölgənin əzəli-əbədi güc və söz sahibidir, regiona sülh gətirən də məhz Azərbaycanın qətiyyətli siyasətidir və bu reallığı heç bir qüvvə dəyişə bilməz.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı
Xəbəri paylaş