
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün mətbuata bəyanat ilə çıxış ediblər. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi iki ölkə arasında aparılan müzakirələrdə hər zaman prioritet məsələlərdən hesab olunur.
2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur.
Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür.
Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır.
İqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib.
Qardaşlıq münasibətlərinə malik olan iki ölkə bütün beynəlxalq platformalarda bir-birlərinə dəstək olurlar. Azərbaycan Prezidentinin mətbuata açıqlamasında dediyi kimi, bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Dövlət başçılarının qarşılıqlı səfərləri strateji əlaqələrimizi daha da möhkəmləndirir. Bu kontekstdən, Türkiyə Prezidentinin Azərbaycana növbəti səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.
Vüqar Bayramov,
Milli Məclisin deputatı











































