
İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu müharibədən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir tarixi kəlam Azərbaycan dövlətçiliyinə dönməz sədaqətin ifadəsi kimi təsdiqləmişdi ki, Azərbaycan bu işğalla heç zaman barışmayacaq. Barışmadı da. Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə, qətiyyətli döyüşü ilə tarixi ədaləti bərpa etdi...
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində, mahiyyət baxımından Vətən müharibəsində, xarakter baxımından ədalətli müharibədə tarixi Zəfər qazandı. Ordumuzun ilk qələbələri müharibənin başladığı gün oldu. Ordu hissələrimiz həmin gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bu qələbələr ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının döyüş əzmini, qələbə ruhunu yüksəltdi...
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi ki, "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik"...
Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsi başlayanda deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu fikir Azərbaycan Ordusunun müharibə manifesti idi. Mövqe qələbələri uğrunda döyüşlər bilavasitə Şuşanın işğaldan azad edilməsinə yönəldilirdi, Şuşa döyüşlərində qazanılacaq qələbə isə özlüyündə Böyük Qələbə olacaqdı.
Ordu hissələrimiz, xüsusi təyinatlılarımız sonralar Zəfər yolu adlandırılacaq yol ilə döyüşə-döyüşə irəlilədi, düşməni əzib keçdi, dağlıq massivlərdən, əlverişsiz coğrafi relyefli ərazilərdən keçərək Şuşaya yaxınlaşdı. Müqayisəyəgəlməz bir hücumla Şuşanı işğaldan azad etdi. Bu Qələbə müharibənin sonlandırılmasında həlledici oldu. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı, Azərbaycan ordusu tarixi Zəfər qazandı...
2021-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada Qələbə bayrağımızı dalğalandırdı. Bu tarixi hadisənin sevinci kimi dövlət başçımızın Fəxri Xiyabanda dedikləri də zaman-zaman qürurla xatırlanacaq. Bu qürur hadisənin mahiyyəti kimi yaşanıldı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”...
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə tarixi-mədəni əhəmiyyətinə görə, Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərinə görə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
2021-ci il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən etdi. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması da Şuşanın hansı səviyyədə ehtiramla əhatələndiyinin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli”, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı dövlətçiliyə sədaqət baxımından təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın bəşəri dövlətlərinin, bu dövlətlərin vətəndaşlarının da ehtiramına səbəb oldu. Bu sərəncama əsasən, işğaldan azad edilmiş şəhər günləri müəyyənləşdirildi. Bu, tarixi həm də tarixin özündə yaşatmaq niyyətidir, bəşəri niyyətdir. Bu niyyət dünya dövlətlərinə humanist bir məqsədin dönməzliyinə ehtirama çağırış niyyətidir – Sülh, cahanda sülh. 8 Noyabr Şuşa şəhəri Günü kimi tarixləşdi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il oktyabrın 21-də “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Bu, tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın yaxın gələcəkdə daha da gözəlləşəcəyinin zəmanətidir.
Şuşada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. Şuşada 450 mənzildən ibarət 23 bina istifadəyə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir.
110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimat mərasimi, Vaqif Poeziya Günləri keçirildi, Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı, Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu, ...
Ruhumuzun şəhəri olan Şuşa həm yenidən qurulur, həm də gözəlləşir. Bu gözəlləşmə də Şuşa şəhəri Günündə istər sakinlərə, istər həmin gün Şuşada olan turistlərə, istərsə də xəyalı Şuşadan üzülməyənlərimizə gözəl könül xoşluğu verir. Ruhumuz deyir ki, ilin hər günü Şuşa Şəhəri günüdür!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı











































