Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər Günü Balakəndə təntənə ilə qeyd olunub

Zəfər Günü Balakəndə təntənə ilə qeyd olunub




Azərbaycan Respublikasının şanlı tarixində xüsusi yerə malik olan 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü Balakən rayonunda geniş ictimaiyyətin iştirakı ilə yüksək səviyyədə qeyd olunub. Bu münasibətlə rayon ərazisində silsilə tədbirlər təşkil edilib, şəhər üçrəngli Dövlət Bayraqları və Zəfərin rəmzinə çevrilmiş “Xarıbülbül” kompozisiyaları ilə bəzədilib.

Newscenter.az-ın xəbərinə görə, əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin hörmətlə anılıb, Şəhidlər Xiyabanı ziyarət olunaraq məzarları önünə tər qərənfillər düzülüb.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən mərasimdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayaraq şəhid ailələrini, qaziləri və Vətən müharibəsi iştirakçılarını təbrik edib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Qeyd olunub ki, əldə edilən bu möhtəşəm Zəfərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası, dövlətçilik siyasəti və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs dayanır.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək peşəkarlıq, xalqımızın milli həmrəyliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində qazanılmış bu tarixi Qələbə dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Bildirilib ki, şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların göstərdikləri şücaət və qəhrəmanlıq nümunəsi gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nəsib Məhəməliyev və Vətən müharibəsi şəhidi Elmir Kərimovun anası Gülşən Kərimova da Zəfərin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlıq irsindən və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs ediblər.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam etdirilib. Rayon Mədəniyyət Mərkəzinin kollektivinin təqdim etdiyi ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik ruhunda səsləndirilən musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və bayram ovqatını daha da yüksəldib.
Zəfər Günü münasibətilə keçirilən tədbirlər axşam saatlarında təşkil olunan möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Səmanı bəzəyən rəngarəng atəşfəşanlıq nümayişi Balakən sakinlərinin böyük sevinc və qürur hissləri ilə izlənilib.

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, güclü dövlətçilik ənənələrinin və rəşadətli Ordumuzun qüdrətinin parlaq təcəssümü kimi bundan sonra da tariximizin ən şərəfli və qürurverici günlərindən biri olaraq qalacaqdır.
Xəbəri paylaş