
Azadlıq, suverenlik, müstəqillik və Zəfər ədalətli qərarlar, müdrik siyasət və qətiyyətli iradə ilə qazanıldıqda müqəddəs dəyərə çevrilir. Biz artıq Zəfər ölkəsiyik! Çünki Zəfər heç vaxt asanlıqla qazanılmır. Onun əldə olunmasına mane olan siyasi maraqlar, təzyiqlər və mürəkkəb geosiyasi reallıqlar həmişə mövcud olur. Lakin Azərbaycan öz müdrikliyi, siyasi iradəsi və milli düşüncəsi ilə tarixi Zəfərini qazandı. Bu, təkcə hərbi qələbə deyildi. Bu, uzun illər xalqımızın yaddaşında yaşayan ağrılı bir tarixi ləkənin silinməsi, tarixi ədalətin bərpası, milli qürurumuzun və ləyaqətimizin yenidən ucaldılması idi. Bu Zəfər xalqımızın milli ruhunun, dövlətimizin qüdrətinin, müstəqilliyimizin və tarixi haqqımızın təntənəsinə çevrildi. Bu tarixi nailiyyət hörmətli Prezidentimizin, Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası, strateji düşüncəsi və diplomatik məharəti, milli maraqlara əsaslanan ardıcıl siyasəti, müasir hərbi standartlara uyğun qurulmuş güclü ordumuz və qəhrəman Vətən övladlarımızın misilsiz şücaəti sayəsində mümkün oldu. Azərbaycan bu Zəfərlə tarixə silinməz və şərəfli bir iz qoydu. Bu, bütöv bir xalqın ləyaqətinin, qürurunun, milli kimliyinin və ruhunun qələbəsi idi. Məhz buna görə Zəfərlər unudulmur, tarixi xidmətlər silinmir. Dövlətçilik yolunda nümayiş etdirilən qətiyyət, siyasi müdriklik və əzmkarlıq nəsillərdən-nəsillərə ötürülür. Bu gün biz müasir dövlətçilik tariximizin mühüm mərhələsini yaşayırıq. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi, yeni geosiyasi reallıqların formalaşması və ölkəmizin artan rolu gələcək inkişafımız üçün yeni imkanlar yaradır. Bütün bunlar xalq-dövlət birliyinin, milli həmrəyliyin və dövlətçilik ənənələrinə sədaqətin əhəmiyyətini bir daha nümayiş etdirir.
Dövlətçiliyimiz bizim üçün müqəddəsdir. Milli qürurumuz isə gələcək nəsillərə ötürəcəyimiz ən böyük mənəvi mirasdır. Bu Zəfər əbədidir, çünki onun təməlində xalqımızın iradəsi, dövlətimizin qüdrəti və tarixi ədalət dayanır.
Dəyərli soydaşlar!
Sizi milli dövlətçilik salnaməmizin ən şanlı səhifələrindən biri olan Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu müqəddəs tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcu və məsuliyyətidir. Bizə bu şərəfli tarixi yaşadan şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ruhuna ehtiramımızı bildiririk. Bu qəhrəmanları yetişdirən valideynlərin əllərindən öpür, qazilərimizə Allahdan şəfa diləyirəm. Onların keçdiyi ağır sınaqları, çəkdikləri ağrı və əzabları öz ağrımız hesab edir, qarşılarında dərin ehtiramla baş əyirəm. Bu tarixi Zəfərin qazanılmasında xüsusi xidmətləri olan cənab
Prezidentimizə minnətdarlığımı bildirir, Vətən uğrunda əməyi və xidməti olan hər kəsə təşəkkürümü çatdırıram. Zəfərimiz xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin, müstəqilliyimizin və tarixi yaddaşının əbədi rəmzidir. Zəfərlər unudulmur, tarixi xidmətlər silinmir, dövlətçilik naminə göstərilən fədakarlıq nəsillərin yaddaşında əbədi yaşayır!
Zəfər Günümüz mübarək!
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri











































