Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün Vətənə bağlılığın, milli qürurun və azadlığın rəmzidir

Üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün Vətənə bağlılığın, milli qürurun və azadlığın rəmzidir


Xalqın milli kimliyi, azadlıq və müstəqillik uğrunda mübarizəsi, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə əks etdirən müqəddəs rəmzlərdən biri də onun bayrağıdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan bayrağımız da dövlətimiz, xalqımız kimi zaman-zaman məhv olma, yaddaşlardan silinmə, unudulma təhlükəsi ilə qarşı-qarşıya qalmış, çətin sınaqlardan keçmişdi. Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu kimi, üçrəngli bayrağımız da bizə Şərqin ilk demokratik respublikasından qalan ərmağan, yadigardır.

Azərbaycan bayrağının yaranma tarixi ötən əsrin əvvəllərinə, Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Məlum olduğu kimi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk parlamentli demokratik Respublika quruldu. Bu hadisə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, milli dövlətçilik ənənələrinin bərpası və müstəqillik ideyalarının gerçəkləşməsi baxımından da mühüm tarixi hadisə idi. Yeni yaradılmış dövlətin özünəməxsus atributlarının – bayrağının, gerbinin və himninin müəyyənləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biri idi.
Beləliklə, 1918-ci il iyunun 21-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət bayrağı haqqında qərar qəbul edildi. Həmin bayraq qırmızı rəngdə, üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan bayraq idi. Lakin zaman keçdikcə yeni yaradılmış dövlətin milli ideologiyasını daha dolğun ifadə edən bayrağın qəbul edilməsinə ehtiyac yarandı.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz olan üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildi.
Bu qərar Azərbaycan xalqının milli kimliyini, mənəvi dünyasını və müasir dövlətçilik ideallarını özündə birləşdirən mühüm tarixi addım idi.

Hər bir rəngi dərin məna daşıyan bayrağımızdakı mavi rəng türkçülük ideyasını təcəssüm etdirir, türk mənşəyinə malik olduğumuzu, milli köklərə sahibliyimizi ifadə edir. Mavi rəng həm də bizi qədim tariximizə, ortaq mədəniyyətimizə, dilimizə və milli mənsubiyyətimizə bağlayır. Qırmızı rəng müasirliyi, inkişafı, tərəqqini və demokratik cəmiyyət qurmaq arzusunu tərənnüm edir. Bu rəng həmçinin. xalqımızın dünyaya açılmaq, yeniliklərə qoşulmaq və müasir dövlət quruculuğu yolunda irəliləmək istəyini ifadə edir. Yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi, dini-mənəvi dəyərlərimizi və zəngin mədəni irsimizi əks etdirir.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli hökumətlə yanaşı, onun yaratmış olduğu milli atributlar, qəbul etdiyi qərarlar da tarixin arxivinə atlıldı, unudulmağa başlanıldı. Azərbaycanda sovet hakimiyyəti qurulmaqla üçrəngli bayrağımızın da dövlət atributu statusu itirildi və o, yeni sovet rəmzləri ilə əvəz olundu. Lakin bu dəyişiklik xalqımızın yaddaşından milli bayrağımızı silə bilmədi. Üçrəngli bayraq uzun illər ərzində azadlıq, müstəqillik və milli dövlətçilik arzularının rəmzi kimi yaşadı.

XX əsrin sonlarında SSRİ-də baş verən siyasi və ictimai dəyişikliklər milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Xalqımız yenidən müstəqillik uğrunda mübarizəyə qalxdı. Bu mübarizənin mühüm rəmzlərindən biri də üçrəngli bayrağımızın yenidən meydana çıxması idi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi haqqında tarixi qərar verildi. Həmin sessiyaya rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu qərar həmin dövr üçün milli dövlətçilik tariximizin bərpası istiqamətində mühüm addım oldu.

Beləliklə, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən dövlət bayrağı kimi təsdiqlədi. Həmin il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Beləliklə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayrağımız müstəqil dövlətimizin əsas rəmzlərindən birinə çevrildi.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayrağımızın tarixi əhəmiyyətinin dövlət səviyyəsində bir daha təsdiqlənməsi idi. Həmin vaxtdan etibarən hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur.

Bu gün üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün Vətənə bağlılığın, milli qürurun və azadlığın rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlət suverenliyimizin, milli birliyimizin və müstəqilliyimizin əsas göstəricilərindən biridir. O, ölkəmizin beynəlxalq münasibətlər sistemində tanınmasını, dövlətimizin müstəqil mövqeyini və xalqımızın vahidliyini təcəssüm etdirir.

Bakıda yaradılmış Dövlət Bayrağı Meydanı da milli dövlətçilik rəmzlərimizə verilən yüksək dəyərin göstəricisidir. Meydanın yaradılması haqqında sərəncam 2007-ci ildə imzalanmış, onun açılışı isə 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Burada dalğalanan üçrəngli bayrağımız ölkəmizin müstəqilliyini, gücünü və milli qürurunu nümayiş etdirir. Dövlət Bayrağı Meydanı paytaxtımızın mühüm rəmzlərindən birinə çevrilmişdir.

Bu gün bayrağımız Azərbaycanın bütün suveren ərazilərində qürurlu dalğalanır və hər bir azərbaycanlı da böyük fəxarət hissi yaradır.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş