Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətinin mühüm göstəricisi

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətinin mühüm göstəricisi


"Trampın Prezident İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi və geoiqtisadi əhəmiyyətinin mühüm göstəricisidir. Bu dəvət heç şübhəsiz ki, yalnız diplomatik protokol hadisəsi deyil, həm də Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rolun böyük dövlətlər tərəfindən nəzərə alınmasının təzahürüdür".

Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, ilk növbədə, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan G20-nin daimi üzvü deyil:

"Buna baxmayaraq, dünyanın aparıcı iqtisadiyyatlarının liderlərini bir araya gətirən bu platformaya Prezident İlham Əliyevin ABŞ dövlət başçısının dəvəti ilə qatılması Bakıya qlobal siyasi və iqtisadi gündəmdə iştirak etmək imkanı yaradır. G20 ölkələri dünya iqtisadi məhsulunun təxminən 85 faizini, dünya ticarətinin böyük hissəsini və dünya əhalisinin təxminən üçdə ikisini əhatə edir.
Dəvətin arxasında Azərbaycanın artan geosiyasi əhəmiyyətini şərtləndirən bir neçə mühüm amil dayanır. Bunlardan birincisi enerji təhlükəsizliyidir. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ölkəmizin strateji əhəmiyyətini artırır. Qlobal enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi bir şəraitdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi daha böyük əhəmiyyət kəsb edir".

Politoloq qeyd edib ki, ikinci mühüm istiqamət nəqliyyat və logistika imkanlarıdır:

"Orta Dəhliz vasitəsilə Çin və Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolunu artırır. Xüsusilə ABŞ-ın Mərkəzi Asiyaya marağının yüksəldiyi bir vaxtda Azərbaycan həmin regionla Qərb arasında mühüm bağlantı nöqtəsi kimi çıxış edir. Bu baxımdan Vaşinqtonun Bakı ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olması təbiidir.

Üçüncü amil Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyindəki mövqeyidir. ABŞ üçün regionda sabitliyin təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və yeni nəqliyyat kommunikasiyalarının açılması strateji əhəmiyyət daşıyır. G20 sammiti Prezident İlham Əliyevə bu məsələləri dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə müzakirə etmək üçün əlavə imkan yaradacaq".

Yusif Bağırzadə deyib ki, dəvətin Azərbaycan üçün iqtisadi dividendləri də az deyil:

"Sammit çərçivəsində ABŞ, Avropa və Asiyanın aparıcı iqtisadiyyatlarının rəhbərləri ilə görüşlər investisiya, rəqəmsal texnologiyalar, süni intellekt, yaşıl enerji, sənaye və nəqliyyat sahələrində yeni əməkdaşlıqlara zəmin yarada bilər. Xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından bu platformanın imkanları əhəmiyyətlidir.

Beləliklə, Azərbaycanın G20 sammitinə dəvət olunması ölkəmizin beynəlxalq siyasi çəkisinin və geoiqtisadi əhəmiyyətinin artmasının göstəricisidir. Bizim üçün bu sammit həm ABŞ ilə münasibətləri yeni mərhələyə yüksəltmək, həm də Azərbaycanın Şərqlə Qərb arasında mühüm siyasi, enerji və nəqliyyat mərkəzi kimi mövqeyini möhkəmləndirmək fürsətidir".

Süleyman
Xəbəri paylaş