Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Departamenti və Energetika Departamenti Bakının geostrateji çəkisini nəzərə almağa məcburdur

Dövlət Departamenti və Energetika Departamenti Bakının geostrateji çəkisini nəzərə almağa məcburdur


ABŞ-də keçirilən 2026-cı il aralıq seçkilərinin ilkin və rəsmi nəticələri ölkənin daxili və xarici siyasətinin hüquqi-institusional arxitekturasında köklü dönüş nöqtəsini göstərir. Cari nəticələrə əsasən, Demokratlar Partiyasının Konqresin hər iki palatasında – həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu ələ keçirərək Respublikaçıların ikipalatalı nəzarətinə son qoyması Vaşinqtonda "bölünmüş hakimiyyət" modelini bərqərar etmişdir. Bu yeni güc balansı Ağ Evin birbaşa qanunvericilik təşəbbüslərinin, vergi islahatlarının və büdcə prioriteti məsələlərinin Konqreslə kompromis olunmadan keçməsini qeyri-mümkün edir. Aralıq seçkilərin fəaliyyətdə olan prezident administrasiyası üçün ümummilli sınaq xarakteri daşıması fonunda seçicilərin bu qərarı, bir qayda olaraq, icra kursuna etirazın göstəricisi olmaqla yanaşı, Demokratlara 2028-ci il prezident seçkiləri ərəfəsində milli gündəmi formalaşdırmaq rıçaqları verir.

Hüquqi müstəvidə Konqresdə komitə sədrliyi təyinatlarının dəyişməsi federal qurumların fəaliyyəti üzrə parlament təhqiqatlarının başlanması, şahidlərin çağırılması və icraedici sərəncamların nəzarətə götürülməsi üçün geniş hüquqi baza yaradır. Senatda formalaşan çoxluq prezidentin federal hakimləri və Kabinet üzvlərini təsdiq etmə səlahiyyətini bloklamaq və ya ləngitmək imkanına malikdir, Nümayəndələr Palatasındakı sadə çoxluq isə lazımi məqamda impiçment prosedurlarına başlamaq gücünü təmin edir. Nəticədə, ABŞ-nin idarəetmə mexanizmində fəal icraedici hakimiyyətdən müdafiə xarakterli siyasətə keçid baş verir. Prezident Administrasiyası qanunvericilik əvəzinə sərəncamlar vasitəsilə idarəetməyə üstünlük verməyə çalışsa da, Konqres büdcə rıçaqları ilə bu addımların maliyyələşdirilməsini məhdudlaşdırmaq potensialını qoruyur.

Vaşinqtondakı bu institusional dönüşün Cənubi Qafqaz strategiyasına və ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin dinamikasına da təsirsiz ötüşməyəcəyi aydındır. Müəyyən olunmuş yeni siyasi çərçivədə Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi icraedici hakimiyyətin xarici siyasət prioritetlərinə hüquqi nəzarəti artırır. Xüsusilə illik müdafiə büdcəsi layihəsinin müzakirələri zamanı regiona ayrılan təhlükəsizlik yardım proqramları yenidən masaya yatırılır. İndiki halda bizə münasibətdə çox güman ki, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dondurulması Prezident Administrasiyası ilə Konqres arasında regionla bağlı əsas hüquqi qarşıdurma nöqtələrindən birinə çevriləcək. Konqresdəki müxalif çoxluq və lobbi qruplarının təzyiqi bu istisnanın yenilənməsi prosesini çətinləşdirərək ikitərəfli hərbi-texniki əməkdaşlığa normativ məhdudiyyətlər gətirə bilər.

Bununla belə, ABŞ-nin daxili siyasi çəkişmələrinə və Konqresin ritorik-hüquqi təzyiqlərinə baxmayaraq Vaşinqtonun praqmatik icraedici strukturları – Dövlət Departamenti və Energetika Departamenti Bakının geostrateji çəkisini nəzərə almağa məcburdur. Sirr deyil ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mərkəzi rolu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz çərçivəsindəki mühüm logistik mövqeyi və regional sülhün bərqərar olunmasındakı rolu ikitərəfli münasibətlərin strateji təməlini təşkil edir. Bu mənada, icra hakimiyyətinin real təhlükəsizlik və iqtisadiyyat maraqları ilə parlament səviyyəsindəki hüquqi maneələr arasında daxili balansı idarə etmək iki ölkə arasındakı diplomatik münasibətlərin əsas sınağına çevrilərsə də belə, növbəti prezident seçkiləri ərəfəsində daxili balans tam oturduqca, Cənubi Qafqazda güc nisbətinin sırf Konqresin normativ tələbləri ilə deyil, Vaşinqtonun böyük geostrateji maraqları və Bakının regional reallıqları əsasında formalaşan praqmatik zəminə keçməsi təmin olunacaq.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı
Xəbəri paylaş