Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Demokratlar Partiyasının qələbəsi Azərbaycana və Cənubi Qafqaza nə vəd edir?

Demokratlar Partiyasının qələbəsi Azərbaycana və Cənubi Qafqaza nə vəd edir?


"2026-cı il 3 noyabr aralıq seçkilərində Demokratlar Partiyasının qəti qələbəsi və həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti ələ keçirməsi Azərbaycana və Cənubi Qafqaza nə vəd edir? Seçkilərin nəticələri TRIPP layihəsinin icrasına necə təsir göstərəcək?

Aralıq seçkilərinin nəticələri, əlbəttə, istər ABŞ Prezidenti Donald Tramp üçün, istərsə də onun tərəfdarları üçün kifayət qədər məyusedicidir. Lakin bu o demək deyil ki, aralıq seçkilərinin nəticələri Tramp administrasiyasının xarici siyasətini avtomatik olaraq dəyişdirəcək. Prezidentin diplomatik və icra səlahiyyətləri yerində qalır. Lakin Konqresdəki bu dəyişiklik TRIPP layihəsinin maliyyələşdirilməsi, hüquqi çərçivəsi, regional prioritet kimi təqdimatı və Ermənistan–Azərbaycan sülh prosesinə Konqres nəzarəti baxımından bir qədər fərqli nəticələr yarada bilər".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, müşahidələrimiz onu göstərir ki, Demokratların qələbəsi Ermənistanda sevinclə qarşılanır və hətta bəzi erməni siyasi dairələri bunu Vaşinqtonda öz mövqelərinin güclənməsi üçün imkan kimi qiymətləndirirlər:

"Bununla belə, bu nəticə TRIPP-in dayandırılacağı demək deyil. Demokratlar bu layihəni istəsələr də belə dayandıra bilməzlər. Əlbəttə, Konqres üzərindən təzyiqlərin artması mümkündür. Belə ki, Demokratların nəzarətində olan Konqres erməni lobbisi ilə sıx işbirliyini aktivləşdirərək yenidən pərdəarxası oyunlara başlaya və Azərbaycanla bağlı bir sıra məsələləri daha fəal gündəmə gətirə bilər. Bakıda həbsdə olan erməni separatçılarının azad edilməsi tələbi, Qarabağı tərk etmiş ermənilərin qayıdışı, Ermənistanla hərbi əməkdaşlıq və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi və s. məsələlər xüsusilə Senatın Xarici Əlaqələr Komitəsi və Nümayəndələr Palatasının müvafiq komitələri vasitəsilə ifadə oluna bilər".

Komitə sədri qeyd edib ki, hətta Vaşinqtonun Bakı ilə münasibətlərində ton sərtləşə bilsə də, ABŞ-ın Azərbaycanla əməkdaşlığı enerji, logistika və regional təhlükəsizlik baxımından tamamilə kənara qoyması real görünmür:

"Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, ölkə Xəzər hövzəsi, Orta Dəhliz, enerji təhlükəsizliyi və Mərkəzi Asiya ilə Avropa arasındakı bağlantılar baxımından ABŞ üçün strateji əhəmiyyətini qoruyur. Buna görə Konqresdəki siyasi dəyişiklik Bakı ilə əməkdaşlığın bütün istiqamətlər üzrə kəsilməsi deyil, daha şərtli və daha çox siyasi tələblərlə müşayiət olunması ilə nəticələnə bilər. Ona görə də Demokratların qələbəsindən sonra Azərbaycan üçün əsas məsələlərdən biri ilk növbədə Vaşinqtonda TRIPP-in yalnız Ermənistan–ABŞ layihəsi kimi təqdim edilməsinə imkan verməməkdir. Bu layihə regionda kommunikasiyaların açılmasına xidmət etməlidir. Marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı bağlantını təmin etməlidir. Layihə Zəngəzur istiqamətində Azərbaycanın legitim nəqliyyat maraqlarını nəzərə almalıdır. TRIPP daha geniş Orta Dəhliz şəbəkəsinə inteqrasiya olunmalıdır. Əgər Bakı bu məsələləri ABŞ Konqresində və administrasiyada ardıcıl şəkildə izah edə bilsə, Demokratların TRIPP üzərindən mümkün siyasi spekulyasiyalarının qarşısı alınacaq.
Bütün hallarda, TRIPP layihəsinin dayandırılması ehtimalı olduqca aşağıdır. Əksinə, Tramp administrasiyası bundan sonra bu layihənin icrasını daha da sürətləndirə bilər. Çünki TRIPP ABŞ üçün sadəcə regional nəqliyyat layihəsi deyil. O, bir neçə strateji məqsədə xidmət edir. Söhbət Rusiyanın və Çinin regiondakı nəqliyyat və siyasi təsirini azaltmaqdan, İran üzərindən keçməyən alternativ marşrutlar yaratmaqdan, Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə əlaqələndirməkdən və ABŞ şirkətləri və kapitalı üçün Cənubi Qafqazda uzunmüddətli iştirak kanalı açmaqdan gedir".

AHK sədri hesab edir ki, məhz bu səbəblərlə, TRIPP hətta Demokratların qələbəsindən sonra da ABŞ-ın regionda strateji iştirakının alətlərindən biri kimi saxlanılacaq:

"Düzdür, Demokratlar layihənin modelini dəyişməyə cəhd göstərə bilərlər. Yəni ki, marşrutun dəhliz deyil, Ermənistanın istəyinə uyğun olaraq nəqliyyat bağlantısı kimi təqdim edilməsi, eləcə də gömrük, sərhəd və təhlükəsizlik nəzarətinin Ermənistanın hüquqi sistemi daxilində qalması kimi məsələlər qabardıla bilər. Həmçinin, layihənin maliyyələşmə məsələsi də əsas sınaqlardan biri ola bilər. Baxmayaraq ki, Konqresin nəzarəti olmadan da ABŞ administrasiyası layihəyə siyasi dəstək verə bilər, amma uzunmüddətli maliyyələşmə, kredit zəmanətləri və dövlət resurslarının ayrılması üçün Konqresin razılığı lazım gələcək. Bu baxımdan, Demokratlar layihəni dəstəkləsələr belə, vəsaitin ayrılmasını şərtləndirə bilərlər. Bütün bunların nəticəsində Ermənistanın ABŞ-dan asılılığı yenidən arta, Demokratların qələbəsi İrəvanda ABŞ-la strateji yaxınlaşma siyasətini gücləndirə bilər. Və Ermənistan TRIPP-i yalnız iqtisadi layihə deyil, həm də ölkənin təhlükəsizlik və geosiyasi balansının dəyişməsi vasitəsi kimi təqdim edə bilər. Fürsətcil ermənilərin ABŞ Konqresində anti-Azərbaycan təşəbbüslərinin artması fonunda ABŞ-ın dəstəyindən istifadə edərək danışıqlarda daha sərt mövqe tutması da mümkündür. Çünki biz bu qonşularımızı çox yaxşı tanıyırıq.

Lakin bununla belə, Demokratların Konqresdəki qələbəsi TRIPP layihəsi üçün nə avtomatik uğur, nədəki qaçılmaz uğursuzluqdur. Azərbaycan öz çevik diplomatiyası ilə Orta Dəhliz və enerji təhlükəsizliyindəki rolunu daha güclü şəkildə nümayiş etdirəcək. Biz TRIPP-i regional, çoxtərəfli və kommersiya baxımından səmərəli layihəyə çevirməklə ABŞ-la münasibətlərdə yalnız siyasi deyil, iqtisadi və logistika gündəliyini də önə çıxarmağı bacaracağıq. Azərbaycan–Ermənistan sülh sazişinin irəliləməsi isə TRIPP-in icra tempini müəyyən edən əsas amil olaraq qalacaq. Odur ki, Demokratların qələbəsi bizim pessimist notlara köklənməyimizə heç bir əsas vermir. Ermənilərə sevinməyə tələsməməyi, eyforiyaya qapılmamağı tövsiyə edirik".

Süleyman
Xəbəri paylaş