Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Şəhər Günü - Zəfər tariximizin zirvəsi

Şuşa Şəhər Günü - Zəfər tariximizin zirvəsi


Azərbaycan çoxəsrlik dövlətçilik tarixində elə mərhələlər var ki, onlar milli mənliyin, sarsılmaz iradənin və dövlət qüdrətinin ən ali təzahürünə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü məhz belə bir tarixi Zəfərin, milli ləyaqətin və ədalətin bərpa olunduğu müqəddəs tarixdir.
Şuşanın tarixi hər zaman şərəfli və sınanmış səhifələrlə zəngin olub. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan bu uca qala-şəhər əsrlər boyu Azərbaycanın mədəniyyət, poeziya və muğam mərkəzi kimi şöhrət qazanmışdır. Şuşanın XX əsrdəki inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən qərarı ilə 1977-ci ildə Şuşa şəhəri Tarix-Memarlıq Qoruğu elan edildi, 1982-ci ilin yanvarında isə dahi şair Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı reallaşdırıldı.
Ancaq 1992-ci il mayın 8-də Şuşanın işğala məruz qalması xalqımızın qəlbində otuz il davam edən ağır bir yara açdı. Bu böyük həsrətə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun xüsusi təyinatlıları sıldırım qayaları aşaraq, ağır keçidləri keçərək əlbəyaxa döyüşlərlə Şuşanı düşməndən təmizlədilər.
2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu tarixi anın böyük mənəvi mahiyyətini belə ifadə etdi:
"Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!"
Bu tarixi Zəfər təkcə hərbi müstəvidə bitmədi, o, dərhal genişmiqyaslı tarixi quruculuq mərhələsinə keçdi. Dövlət başçısının 2021-ci il mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarəti ilə şəhərdə misilsiz bərpa və yenidənqurma işləri həyata keçirildi; "Zəfər yolu" çəkildi, infrastruktur tamamilə yeniləndi.
2021-ci ilin avqustunda bərpa edilən Vaqif məqbərəsinin və poeziya günlərinin təntənəli açılışı oldu. Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın güllələnmiş heykəllərinin doğma məkana qaytarılması, tarixi məscid və karvansaraların bərpası ilə Şuşa öz mənəvi ruhuna qovuşdu. Dövlət başçısının sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa İli" elan edildi və bu çərçivədə şəhərin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm addımlar atıldı.
Beynəlxalq miqyasda da böyük nüfuz qazanan şəhərimiz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı", ISESCO tərəfindən isə 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" seçildi. Ayrıca, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 8-i rəsmi olaraq "Şuşa Şəhəri Günü" kimi təsis olundu.
Tarixi Zəfərdən tarixi quruculuğa uzanan bu şərəfli yol Azərbaycan dövlətinin gücünü, xalqımızın yenilməz iradəsini və qurub-yaradan ruhunu bütün dünyaya nümayiş etdirir. 8 Noyabr – Şuşa Şəhəri Günü əbədi azadlığımızın və parlaq gələcəyimizin rəmzidir. Şuşa azaddır, yenidən qurulur və əbədi olaraq Azərbaycanındır!

Nəsrəddinova Günay
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş