
“Azərbaycan Prezidentinin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət edilməsi ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyi baxımından diqqətəlayiq hadisədir. G20 dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən, qlobal iqtisadi və maliyyə gündəliyinin müəyyənləşdirilməsində mühüm rol oynayan platformadır. Azərbaycanın bu təşkilatın üzvü olmadığı halda sammitə xüsusi dəvət alması Bakıya həm siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan yeni imkanlar yaradır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu dəvətin əhəmiyyətini yalnız protokol hadisəsi və ya diplomatik jest kimi qiymətləndirmək düzgün olmazdı:
“Məsələyə daha geniş geosiyasi və geoiqtisadi kontekstdə yanaşdıqda Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində artan rolunu, xüsusilə Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında formalaşan yeni bağlantılardakı mövqeyini görmək mümkündür”.
Arzuman Muradlı hesab edir ki, dəvətin ən mühüm siyasi tərəflərindən biri onun ABŞ Prezidenti Donald Tramp tərəfindən edilməsi ilə bağlıdır:
“Bu, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, yüksək səviyyəli siyasi dialoqun intensivləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlavə platforma yaradır.
Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, regional sabitlik və təhlükəsizlik məsələlərindəki rolu Vaşinqton üçün müzakirə mövzusu ola bilər. Xüsusilə Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı, regionun beynəlxalq nəqliyyat və ticarət marşrutları baxımından əhəmiyyətinin artdığı bir dövrdə ABŞ-la siyasi dialoqun genişlənməsi Bakı üçün mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, dəvət avtomatik olaraq ABŞ-Azərbaycan münasibətlərində bütün fikir ayrılıqlarının aradan qalxması demək deyil. Əsas məsələ yaradılan siyasi imkanların konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsidir”.
Politoloq qeyd edib ki, G20 sammiti Azərbaycan üçün Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələlərini daha geniş beynəlxalq auditoriyaya çatdırmaq baxımından da əhəmiyyətli platforma ola bilər:
“2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə edilmiş razılaşmalar regionda yeni mərhələnin başlanması baxımından mühüm hadisə idi. Bu prosesin davam etdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi beynəlxalq tərəfdaşların da marağındadır.
Bakı G20 platformasında sülhün yalnız siyasi sabitlik deyil, həm də iqtisadi inkişaf, investisiya, ticarət və nəqliyyat bağlantıları üçün əsas şərt olduğunu diqqətə çatdıra bilər.
Bu baxımdan, Azərbaycanın regional sülh gündəliyini iqtisadi əməkdaşlıq perspektivləri ilə əlaqələndirməsi xüsusi əhəmiyyət daşıyır”.
Süleyman











































