
Noyabrın 3-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, gündəliyə 10 məsələ daxildir və ilk 2 məsələ Milli Məclisin qərar layihələridir.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri diqqətə çatdırıb ki, birinci məsələ 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqındadır.
Spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfərinin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti 4 fundamental anlayışla ifadə edilə bilər. Bunlar ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışlarıdırlar.
Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub.
8 noyabr Zəfəri dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açıb. 2023-cü ilin sentyabr ayında keçirilən 1 günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edir. Həmin əməliyyat nəticəsində Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulub.
Spikerin sözlərinə görə, dövlətçilik haqqında danışarkən qeyd edilməlidir ki, qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğunun qanunauyğun yekunu oldu. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapdı. 8 noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi oldu.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalmış qərarları həyata keçirildi. Dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərqərar edildi. Bu isə qələbənin mahiyyətini ifadə edən hüquq anlayışıdır.
Quruculuq anlayışına gəlincə, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, “Böyük Qayıdış” proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir.
Bildirilib ki, Böyük qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaratdı.
Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl səyləri regionun dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəldi.
Spiker əminliklə deyib ki, möhtərəm cənab Prezidentin bütün layihələri kimi, bu layihə də uğurla başa çatdırılacaq.
Milli Məclisin sədri Azərbaycana tarixi Zəfəri bəxş etmiş müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, onları ürəkdən təbrik edib.
Spiker təklif edib ki, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb.
Çıxışına yekun vuran Milli Məclisin sədri təəssüflə qeyd edib ki, xalqımız bu müharibədə itkilər də verib. Qələbə şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına əldə edilib. O, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə möhkəm can sağlığı arzulayıb.
Məsələnin müzakirəsində Milli Məclisin komitə sədrləri Şahin İsmayılov, Zahid Oruc, Hicran Hüseynova, Tahir Rzayev, deputatlar Bəxtiyar Əliyev, Ceyhun Məmmədov, Vüqar Bayramov, Sahib Alıyev, Aydın Mirzəzadə, Asif Əsgərov, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Azər Badamov, Fəzail İbrahimli çıxış ediblər.
Deputatlar 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna yer tutduğunu, xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik gücünün təntənəsi olduğunu bildiriblər. Qeyd olunub ki, tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirib, regionda yeni geosiyasi reallıqlar yaradıb.
Çıxışlarda Vətən müharibəsi zamanı xalqın, ordunun və dövlətin nümayiş etdirdiyi sarsılmaz birlik, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların həmrəyliyi xüsusi vurğulanıb. Zəfərin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsi olduğu diqqətə çatdırılıb.
Deputatlar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, yaşayış məntəqələrinin yenidən qurulmasının və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının Qələbənin real nəticələrini əks etdirdiyini bildiriblər. Çıxışçılar Zəfərin qorunmasının, milli birliyin möhkəmləndirilməsinin, dövlət müstəqilliyinin və təhlükəsizliyin təmin olunmasının, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər. Həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması təşəbbüslərinə toxunaraq, ölkəmizin qalib dövlət kimi öz inkişafını davam etdirdiyini vurğulayıblar.
İclasda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının mətnini deputat Hikmət Məmmədov oxuyub. (Bəyanatın mətni mətbuatda dərc ediləcək.)
Sonra 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.
Növbəti - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi məsələsi ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Ombudsman seçkisinin yeni tarixi mərhələyə təsadüf etdiyini deyən komitə sədri bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə Ombudsman təsisatının qarşısında yeni prioritetlər müəyyənləşdirib. Qeyd olunub ki, süni intellekt, rəqəmsal texnologiyalar və informasiya qarşıdurmaları insan hüquqları sahəsində yeni çağırışlar yaradıb.
Zahid Oruc Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə təqdim olunan namizədlər barədə məlumat verib. Bildirilib ki, namizədlərin hər üçü ali hüquq təhsilli və müvafiq sahədə peşəkar təcrübəyə malik, hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta biləcək şəxslərdir.
Sonra Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşanə Vəliyevanın namizədlikləri ayrı-ayrılıqda səsə qoyulub. Səbinə Əliyeva səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsinə seçilib.
Yeni seçilmiş Ombudsman Səbinə Əliyeva vəzifəsinin icrasına başlaması ilə əlaqədar deputatlar qarşısında and içib, Prezident İlham Əliyevə və deputatlara ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Sonra spiker Sahibə Qafarova deyib ki, növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olub və bunlar beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı qanun layihələridir. O, bu layihələrin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyqun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan–Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uzaqgörən liderliyi, siyasi iradəsi və qardaşlıq münasibətlərinə əsaslanan ardıcıl siyasəti nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
O, 2026-cı il avqustun 23-də Daşkənddə imzalanmış sənədin dövlətlərimiz arasında dostluq, müttəfiqlik və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini deyib. Qeyd olunub ki, müqavilə tərəflərin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi təsbit edir. Sənəddə parlamentlərarası əlaqələrin genişləndirilməsi, siyasi məsləhətləşmələrin aparılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının, nəqliyyat-logistika əlaqələrinin inkişafı, elm, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.
Səməd Seyidov Azərbaycan–Özbəkistan münasibətlərinin türk dünyasında əməkdaşlığın inkişafı və regional sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Müqavilənin iki ölkənin uzunmüddətli strateji maraqlarına xidmət edən mühüm sənəd olduğunu vurğulayıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri bildirib ki, sənədin əsas məqsədi pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək və hər iki ölkə vətəndaşlarının pensiya hüquqlarını təmin etməkdir. Sazişə əsasən, tərəflərin dövlətlərinin vətəndaşları pensiya təminatı sahəsində digər tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilərkən həmin dövlətin vətəndaşları ilə bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Sazişdə pensiyaların digər tərəfin dövlətinin ərazisinə köçürülməsi, sığorta stajının hesablanması, pensiya hüquqlarının müəyyən edilməsi, pensiyaların təyin olunması və ödənilməsi qaydaları, səlahiyyətli qurumlar arasında məlumat mübadiləsi, müraciət və şikayətlərə baxılması kimi məsələlər tənzimlənir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədlə bağlı komitəsinin müsbət rəyini açıqlayandan sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra spiker Sahibə Qafarova bildirib ki, növbəti üç məsələ üçüncü oxunuşda olan qanun layihələridir. O, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova təqdim edib.
Vüqar Bayramov bildirilib ki, layihə barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verilib, layihənin mətnində dəyişiklik yoxdur. Sənəd Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib. O, sənədin mətnində heç bir dəyişikliyin olmadığını deyib və onun üçüncü oxunuşda dəstəklənməsini xahiş edib.
Layihədə nəzərdə tutulan dəyişikliklər hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların şəffaflığının artırılması, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanmasının təmin edilməsi məqsədi daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.
O qeyd edib ki, qanun layihəsində hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə müvafiq dəyişikliklər təklif olunur. Komitə sədri üçüncü oxunuş üçün sənədlə bağlı əlavə rəy və təklifin daxil olmadığını söyləyib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin spikeri gündəliyin son 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
O bildirib ki, qanun layihəsi ölkəmizdə aqrar sahənin inkişafının dəstəklənməsi, bu sahəyə xarici mütəxəssislərin cəlb olunması və beynəlxalq təcrübədən istifadənin genişləndirilməsi məqsədi daşıyır. Nəzərə çatdırılıb ki, dəyişiklikdə aqroparkların rezidentləri tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin iş icazəsi alınması tələbindən azad edilməsi təklif olunur. Bu tənzimləmənin 2027-ci ilin yanvarın 1-dən 2032-ci ilin yanvarın 1-dək tətbiqi nəzərdə tutulur.
Sənədin müzakirəsi zamanı parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Elçin Mirzəbəyli, Azər Allahverənov, Naqif Həmzəyev çıxış edərək bəzi qeydlərini səsləndiriblər. Deputat Nurlan Həsənov qaldırılan məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, qanun layihəsi İnzibati Xətalar Məcəlləsində hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Dəyişikliklərlə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsi təsbit edilir, həmçinin prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətləri müəyyən olunur. Yuxarıda adı çəkilən inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən, həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə müvafiq müddəanın əlavə edilməsi təklif olunur.
Qanun layihəsində, həmçinin hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə 15 gün müddətində baxılması təsbit edilir.
Bundan başqa, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının məsuliyyətinin artırılması da təklif edilir. Sənəddə həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmamasının inzibati məsuliyyətə səbəb olması əksini tapıb. Bununla yanaşı, sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi də təklif olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.
Qeyd olunub ki, layihəyə əsasən "Elektron ticarət haqqında" Qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa ləğv edilir. Bununla yanaşı, qanuna "texnoloji neytrallıq" anlayışı və müvafiq prinsip daxil edilir. Layihədə, həmçinin "POS-terminal" anlayışı mövcud təcrübəyə uyğunlaşdırılaraq dəqiqləşdirilir, eləcə də ödənişin həyata keçirilməsi və elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Bildirilib ki, qanunun tətbiq dairəsində "Azərbaycan Respublikasında" sözlərinin çıxarılması təklif olunur. Bu isə qanunla təsbit olunan fəaliyyətlərin daha geniş coğrafiyada tətbiqinə imkan verəcək. Qanunun 4-cü maddəsinə texnoloji neytrallıq prinsipi əlavə olunur, bu da ödənişlərin texnoloji baxımdan neytrallığını təmin edəcək. Digər dəyişiklik “POS-terminal” anlayışının yeni redaksiyada verilməsini özündə ehtiva edir. Belə ki, POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz, yəni mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil xidmət alan telefon aparatı və digər son avadanlıq kimi təsbit olunur. Bu dəyişikliklə mobil telefonlar yalnız ödəniş etmək üçün deyil, həm də ödənişləri qəbul etmək üçün bir vasitə olacaq.
Sənəddə, həmçinin elektron ticarət iştirakçılarına qoyulan tələblər dəqiqləşdirilir. Dəyişikliklərə əsasən, bu tələblərə ödəniş üsulları, o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması barədə məlumatların təqdim edilməsi daxildir. Eyni zamanda, elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsinin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihədə müqavilələrin elektron sənəd formasında təsdiqlənməsi təklif olunur.
Deputatlar Müşfiq Məmmədli və Bəhruz Məhərrəmov məsələ ilə bağlı öz fikir və təkliflərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman[b][/b]











































