
2026-cı il noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı planlaşdırılır.
Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində”, “WUF13 irsi QHT təşəbbüslərində” adlı panel müzakirələri təşkil olunacaq.
Forumdan öncə noyabrın 5-də heyət Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, Gəncə Memorial Kompleksi ilə tanış olacaq. Daha sonra vətəndaş cəmiyyəti təmsilçiləri QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və Partlamamış Hərbi Sursatlar Probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibi olan Futbolun İnkişaf Fondunun “Amputant futbol turnirinin təşkili” layihəsi çərçivəsində mina qurbanlarının amputant futbol oyununu izləyəcəklər. QHT Agentliyinin donorluğu ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi”nin istehsalı olan “Böyük Qayıdış” prosesinə həsr olunmuş “Sabaha doğru” sənədli filminin də həmin gün təqdimatı keçiriləcək.
Süleyman












































