Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimi keçirilib

Bakıda Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimi keçirilib


Bakıda–Beynəlxalq Muğam Mərkəzində qardaş Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimi və “Özbəkistan-Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası” adlı konfrans keçirilib. Tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində Özbəkistan mədəniyyəti, tarixini əks etdirən eksponantlar nümayiş etdirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, diplomatlar, millət vəkilləri, alimlər, tədqiqatçılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ölkəsinin zəngin tarixi-mədəni irsi, bu irsin qorunması, onun gələcək nəsillərə çatdırılması istiqamətində dövlət səviyyəsində görülən işlər barədə danışıb. Səfir bu siyasətin Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla həyata keçirildiyini deyib.

Bahrom Aşrafxanov çıxışında Azərbaycanla Özbəkistan arasında mövcud olan münasibətlərdən də danışıb. Bildirib ki, bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlər prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin rəhbərliyi altında dinamik şəkildə inkişaf edir:

"Qədim tarixə, ortaq din, dil və mədəniyyətə malik Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələr xalqlar arasında yaxınlığı daha da artırır".

Diplomat qeyd edib ki, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sazişlər dövlətlər arasındakı əlaqələri daha da inkişaf etdirir:

"Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu münasibətlər Bakı və Daşkənd arasında yeni perspektivlər açır".

Daha sonra çıxış edən Özbəkistandakı İslam Sivilizasiya Mərkəzinin rəhbəri Firdavs Abduxaliqov onun fəaliyyəti, gördüyü işlər, qarşısına qoyulan vəzifələrdən danışıb. Firdavs Abduxaliqov özbək tarixi, mədəniyyəti, onun irsinin qorunması istiqamətində prezident Şavkat Mirziyoyevin fəaliyyətini xüsusi qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də Özbəkistanın zəngin tarixi-mədəni irsi, onun dünyada tanıdılması, təbliği istiqamətində dövlət səviyyəsində həyata keçirilən uğurlu fəaliyyətlərdən söz açıblar.

Qeyd etmək yerinə düşər ki, Özbəkistanın zəngin elmi və mənəvi irsi, qədim əlyazmaları və müasir texnologiyaları özündə birləşdirən bu qlobal layihənin Bakıda möhtəşəm təqdimat mərasiminin keçirilməsi xalqlarımız arasındakı əбədi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur. Çıxışlardan da məlum olduğu kimi İslam Sivilizasiya Mərkəzində ortaq tariximizə, o cümlədən Azərbaycana xüsusi yer ayrılması Bakı ilə Daşkənd arasındakı mədəni bağların möhkəmliyinin bariz nümunəsidir.

Özbəkistandakı İslam Sivilizasiya Mərkəzinin təqdimatı qardaş ölkənin musiqi nümunələrinin ifası ilə başa çatıb və iştirakçılarda xoş anlar yaşadıb.

Süleyman
Xəbəri paylaş