Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQC rəhbərliyi Azərbaycanın Avstriyadakı səfiri ilə görüşüb

AQC rəhbərliyi Azərbaycanın Avstriyadakı səfiri ilə görüşüb


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanada rəsmi səfərdədir. Səfərin əsas məqsədi AQC-nin TEGOVA-ya üzvlüyü ilə bağlı İdarə Heyətinin qəbul etdiyi qərarın Baş Assambleyada təsdiqlənməsi prosesində iştirak etməkdir.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində AQC nümayəndə heyəti Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana bölməsi yanında daimi nümayəndəsi Kamil Xasiyevlə görüşüb.

Görüşdə AQC İdarə Heyətinin sədri Vüqar Oruc Cəmiyyətin fəaliyyəti, Azərbaycan qiymətləndirmə sektorunun inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli qiymətləndirmə sisteminin Avropa məkanına inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin TEGOVA-nın Baş Assambleyasının gündəliyi və AQC-nin üzvlüyü ilə bağlı qəbul edilmiş qərarın təsdiqlənməsi məsələsinə toxunub.

Vüqar Oruc Kamil Xasiyevi yeni diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

Səfir AQC-nin TEGOVA-ya üzvlük prosesini təbrik edib, Cəmiyyətin fəaliyyətini və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərini müsbət qiymətləndirib. O, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu bildirib.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycan qiymətləndiricilərinin beynəlxalq platformalarda təmsilçiliyi, Avropa təcrübəsinin öyrənilməsi və peşəkar əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Vüqar Oruc səfir Kamil Xasiyevə AQC-nın elmi nəşri olan “Qiymətləndirmə” jurnalını hədiyyə edib.

Görüşdə AQC İdarə Heyəti sədrinin birinci müavini Fərid Rüstəmov, sədr müavini Nail Həşimov, sədrin müşaviri İradə Şükürova və AQC-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov iştirak ediblər.

Süleyman
Xəbəri paylaş