Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın ovurduğu umac gəncləri təhsil və elmlə qidalandırmağa yox, zəhərlənməyə xidmət edir

İranın ovurduğu umac gəncləri təhsil və elmlə qidalandırmağa yox, zəhərlənməyə xidmət edir


İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf da Azərbaycanın daxili işlərinə burnunu soxub. O, Azərbaycanda vahid məktəbli geyiminin tətbiqini yolverilməz hesab edərək bu qərarı hicablı şagirdlərin təhsil hüququndan məhrum edilməsi kimi dəyərləndirib.

Hüseyn Simayi öz simasını itirərək riyakarcasına “İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazırdır” fikri ilə Azərbaycanın dünyəvi təhsil modelinə kobud müdaxilə edir, ölkəmizin daxili işlərinə qarışır.

Nə Sərrafa, nə Sərraca, nə Sarallara ölkəmizin təhsil siyasətinə qarışmaq haqqı verilməyib və hərə gedib öz yerində oturmalıdır. Və oturur da...

Özlərinə əriştə kəsə bilməyən İran molla rejimi bizə umac ovurmağı öyrədir.
İranın ovurduğu umac gəncləri təhsil və elmlə qidalandırmağa yox, zəhərlənməyə xidmət edir.

Bu, dini təhsil ideologiyası farslar və digər xalqlarla yanaşı, 40 milyon azərbaycanlıya da zərər verir.

İranın bu mürtəce təhsil siyasətinin nəticəsidir ki, ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.

Əlbəttə, bu acınacaqlı vəziyyət, milyonlarla qan qardaşımızın, bacımızın gələcək taleyi
bizi də narahat edir.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları həm də bizim ümummilli məsələmizdir.

Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bəyan etdi ki, Azərbaycan dövləti taleyin hökmü ilə ölkəmizdən ayrı düşmüş soydaşlarımızın dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərini davam etdirəcək.

Bu, bizim tarixi məsuliyyətimiz, vahid milli kimliyimiz, mənəvi borcumuzdur.
Qumda, İsfahanda, Məşhəddə mədrəsə təhsili alan azərbaycanlıların müasir elmi cəmiyyətdən, sivilizasiyadan və intibahdan geri qalmaq yox, müasir cəmiyyətin savadlı, elmi dünyagörüşlü üzvü olmaq haqları vardır.

Azərbaycan lazım gələrsə öz soydaşlarının dünyəvi təhsilini düşünə bilər, Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda o taydakı müasir təhsil arzuları ilə yaşayan həmvətənlərimizə təhsil almağa dəstək verə bilər.

Cənab Sərraf əgər həqiqətən sərraf və arif adamdırsa, Azərbaycan dövlətinin bu bəyanatının arxasında həqiqi əməl və qətiyyətin dayandığını başa düşməlidir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş