Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizim siyasi islamçıların dəxilsiz məsləhətlərinə ehtiyacımız yoxdur

Bizim siyasi islamçıların dəxilsiz məsləhətlərinə ehtiyacımız yoxdur



İran və Türkiyənin molla təfəkkürlü siyasətçilərinin və rəsmi şəxslərinin mahiyyətcə bir-birindən fərqi yoxdur. Hər iki ölkənin klerikalları geriçi zehniyyətin daşıyıcılarıdır. Ən pisi isə budur ki, hər iki ölkənin siyasi islamçıları Azərbaycanın daxili işlərinə müdaxilə etməyə və bizə yol göstərməyə, nəyi necə etməyi öyrətməyə çalışırlar. Və budur, Oktay Saral kimi təxribatçının ardınca, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf da özünü yuyulmamış çömçə kimi ortaya ataraq Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinin əleyhinə çıxıb. İranlı nazir bununla kifayətlənməyərək, baş örtüyündən istifadə edən qızlarımızı öz ölkəsinə dəvət edib: “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır”.

Hüseyn Simayi-Sərrafın bu dəvəti suveren Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə olmaqla yanaşı, həm də mollaların "ikili standartlar"ının əyani sübutudur. Güney Azərbaycanda milyonlarla azərbaycanlı uşaqları, gəncləri öz ana dillərində təhsil almaq hüququndan məhrum edən fars-molla rejimi, nədənsə, indi birdən-birə "humanist qonşu" cildinə bürünür və Hüseyn Simayi-Sərrafın simasında özünü Azərbaycan Respublikasındakı məktəblilərin qayğısına qalırmış kimi göstərməyə başlayır. Bu, humanizm yox, əsl riyakarlıq və simasızlıqdır.

Bu cür bəyanatlar sadəcə diplomatik etikasızlıq deyil, həm də bölgədəki bəzi dairələrin hələ də özlərini başqalarının taleyinə qəyyum hesab etdiklərini göstərir. Azərbaycan cəmiyyəti üçün ən qəbuledilməz məqam da məhz budur: başqasının daxili işinə qarışmaq, sonra da bunu “nəsihət”, “münasibət” və ya “qayğı” adı altında təqdim etmək.

İran rəsmisinin məktəbli geyimi məsələsinə dair çıxışı və dəvəti, əslində, ikiüzlü yanaşmanın növbəti nümunəsidir. Öz ölkəsində müxtəlif sahələrdə məhdudiyyətlər, hüquqi və ictimai basqılar mövcud olduğu halda, qonşu ölkənin təhsil sisteminə dair mövqe bildirmək nə qədər inandırıcı görünə bilər? Əgər doğrudan da məqsəd humanizm idisə, ilk növbədə öz vətəndaşlarının, xüsusən də illərlə hüquqları tapdanan Güney azərbaycanlıların və digər qeyri-fars toplumların problemlərinə həssas yanaşmaq lazım idi.

Azərbaycanın daxili siyasəti, xüsusən də məktəb və təhsil mühiti ilə bağlı qərarlar yalnız ölkə daxilində, milli maraqlar və ictimai mənafe əsasında müzakirə olunmalıdır. Xaricdən səslənən belə “çağırışlar” isə cəmiyyətdə yalnız haqlı qıcıq yaradır. Çünki bu, bir tərəfdən iç işlərimizə müdaxilədir, digər tərəfdən isə açıq-aşkar sayğısızlıqdır. Heç bir suveren dövlət başqa bir ölkənin hökumət siyasətinə öz ideoloji-siyasi dəyərlərini diktə etmək səlahiyyəti vermir.

Bu hadisə bir daha göstərdi ki, bəzi dairələr hələ də bölgədəki xalqlar arasında etimad yaratmaq yox, öz ideoloji baxışlarını ixrac etmək düşüncəsi ilə hərəkət edirlər. Amma unutmaq lazım deyil ki, müstəqil dövlətlər başqalarının təzyiqi və ya tövsiyələri ilə deyil, öz qanunları, öz iradəsi və öz xalqının mənafeyi ilə idarə olunur. Bu baxımdan, Azərbaycanın mövqeyi bu məsələdə aydındır: nə təhqir, nə himayədarlıq, nə də ideoloji müdaxilələr rəsmi Bakı tərəfindən əsla qəbul edilmir. Çünki bizim anlayışımıza və o cümlədən beynəlxalq hüquqa görə, qonşuluq münasibətləri qarşılıqlı hörmət və ehtiram üzərində qurulmalıdır.

Ehtiramın olmadığı yerdə isə verilən hər hansı “dərs” yalnız riya kimi görünür. Və ən önəmlisi isə budur ki, Azərbaycan cəmiyyəti artıq belə münasibətlərin mahiyyətini yaxşı anlayır. Bizə kənardan ağıl öyrətməyə çalışanlar unutmamalıdırlar ki, milli məsələlərdə hər xalqın öz həssasiyyətləri, dövlətin isə öz prioritetləri var. Azərbaycan heç kimə qarşı düşmənçilik etmir, lakin öz daxili işlərinə qarışılmasını da qətiyyən qəbul etmir. Suverenliyimiz də məhz bununla qorunur - prinsipial mövqeyimiz, siyasi iradəmiz və milli həmrəyliyimizlə. Bizim siyasi islamçıların dəxilsiz məsləhətlərinə ehtiyacımız yoxdur. Oktay sarallar və hüseyn simayi-sərraflar gedib başqa meydançada oynasınlar!

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş