Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədalətli sülh yalnız keçmişin ağrısını düzgün dərk etməklə mümkündür

Ədalətli sülh yalnız keçmişin ağrısını düzgün dərk etməklə mümkündür


27 oktyabr 2020-ci il Bərdə üçün yaddaşımızda ağır iz buraxan tarixlərdən biridir. Vətən müharibəsinin ən gərgin günlərində Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulması nəticəsində dinc sakinlər həlak oldu, insanlar yaralandı. Bu faciə müharibənin ən böyük ağrısının günahsız insanların həyatına və ailələrin taleyinə toxunduğunu bir daha göstərdi.

Bu gün həmin hadisədən altı il keçir. Zaman keçir, amma itki yaşayan ailələrin ağrısı öz izini qoruyur. Xüsusilə Bərdə kimi müharibənin ağır yükünü yaşamış bir rayon üçün bu tarix yalnız keçmişin xatırlanması yox, həm də şəhidlərimizin və mülki qurbanlarımızın xatirəsinə ehtiram ifadəsidir.

Azərbaycan bu faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və bundan sonra da həqiqətlərin beynəlxalq səviyyədə daha geniş tanıdılması vacibdir. Ermənistanın müharibə zamanı yaşayış məntəqələrini və mülki əhalini hədəfə alması sənədlərlə, faktlarla və şahid ifadələri ilə gələcək nəsillərə çatdırılmalıdır. Çünki ədalətli sülh yalnız keçmişin ağrısını düzgün dərk etməklə və belə hadisələrin bir daha təkrarlanmaması üçün beynəlxalq məsuliyyət mexanizmlərinin gücləndirilməsi ilə mümkündür.

Dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibədən zərər çəkmiş insanların daim diqqətdə saxlanılmasıdır. Bu yanaşma yalnız sosial dəstəklə məhdudlaşmır, həm də onların mənəvi yükünün bölüşülməsini, xatirələrinin yaşadılmasını və gələcək nəsillərə çatdırılmasını əhatə edir.

Biz həmin gün həlak olan soydaşlarımızın xatirəsini daim yaşatmalıyıq. Uşaqlarımıza və gənclərimizə yaşananları doğru şəkildə anlatmaq, müharibənin ağır nəticələrini göstərmək və sülhün dəyərini aşılamaq hər birimizin məsuliyyətidir.

Qarayusiflidə həyatını itirən dinc sakinlərin xatirəsi daim ehtiramla yad olunacaq. Onların xatirəsini yaşatmaq həm mənəvi borcumuz, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizdir.

Fatma Yıldırım,

Milli Məclisin deputatı
Xəbəri paylaş