
"İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf yaxşı olar ki, ölkəsinə nəzər yetirsin, milyonlarla insanın hüquq və azadlıqlarının pozulması, öz ana dilində təhsil ala bilməməsindən danışsın. İranın İslam pərdəsi adı altında hansı oyunlardan çıxdığı bütün dünyaya məlumdur. Ona görə də Hüseyn Simayi-Sərraf kimilərinin Azərbaycana nə dərs keçməyə, nə ölkəmiz haqqında bir kəlmə belə danışmağa, nə də insan hüquq və azadlıqlarının müdafiəçisi kimi çıxış etməyə haqqı var".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Hüseyn Simayi-Sərrafın Azərbaycanda baş örtüyünün qadağan edilməsi ilə bağlı fikirləri kökündən yalnışdır:
"Azərbaycanda baş örtüyünə heç bir qadağa yoxdur. Məlum olduğu kimi yalnız təhsil müəssisələrində vahid geyim standartları tətbiq edildiyi üçün məktəblərdə müəllim və şagirdlərin dərsə baş örtüyü ilə gəlməsi məqbul hesab edilmir".
Arzuman Muradlı qeyd edib ki, Azərbaycanda baş örtüyü qadağan edilsə belə, bu ölkəmizin daxili işidir və Azərbaycanın daxili işlərinə kimsənin qarışmasının haqqı yoxdur:
"Heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Azərbaycan istənilən qərarı öz iradəsi ilə verir".
Süleyman












































