Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İpoteka kreditləşməsi Azərbaycanda daşınmaz əmlak bazarının inkişafına necə təsir göstərib?

İpoteka kreditləşməsi Azərbaycanda daşınmaz əmlak bazarının inkişafına necə təsir göstərib?


İpoteka kreditləşməsinin Azərbaycanda tətbiqini daşınmaz əmlak bazarının inkişafı, əhalinin mənzil təminatının yaxşılaşdırılması və alıcılıq qabiliyyətinin genişləndirilməsi baxımından mühüm iqtisadi mexanizmlərdən biri hesab edirəm. Bu mexanizmin tətbiqi nəticəsində daşınmaz əmlak bazarında yalnız alıcıların maliyyə imkanları genişlənmədi, eyni zamanda mənzil əldə etmək üçün uzunmüddətli və nisbətən əlçatan maliyyələşmə modeli formalaşdı. Rəqəmlərə nəzər yetirsək, İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, 2006–2025-ci illərdə Fondun vəsaiti hesabına ümumilikdə 3,76 milyard manatdan artıq ipoteka krediti verilib və 56 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan yaranıb. Təkcə 2025-ci ildə 442,8 milyon manat həcmində 4 309 ipoteka krediti rəsmiləşdirilib. Bu kreditlərin 1 156-sı güzəştli ipoteka olub. 1. Alıcı kütləsinin genişlənməsi və bazarda tələbin formalaşması

İpoteka kreditləri daşınmaz əmlak bazarına əlavə alıcı seqmenti qazandırdı. Əvvəllər mənzil almaq üçün illərlə vəsait toplamaq məcburiyyətində qalan vətəndaşlar uzunmüddətli kredit mexanizmi vasitəsilə bu prosesi sürətləndirmək imkanı əldə etdilər.

Bu, xüsusilə orta qiymət seqmentində yerləşən mənzillərə tələbin formalaşmasına, müəyyən mənada satış prosesinin sürətlənməsinə və tikinti sektorunda iqtisadi aktivliyin dəstəklənməsinə xidmət etdi.

2. Tikinti sektoruna və bazarın maliyyə dövriyyəsinə təsir

İpoteka yalnız mənzil alan vətəndaşa verilən kredit deyil. O, bütövlükdə daşınmaz əmlak sektorunun maliyyə dövriyyəsinə təsir edən mexanizmdir.

Mənzilə ipoteka tələbinin olması tikinti şirkətlərinin satış strategiyasına, yeni yaşayış layihələrinin maliyyələşdirilməsinə, bank sektorunun daşınmaz əmlakla əlaqəli kredit portfelinə və tikinti materialları bazarına da təsir göstərir.

Başqa sözlə, ipoteka kreditləşməsi daşınmaz əmlak bazarında tələb və təklif arasında maliyyə körpüsü rolunu oynayır.

3. Sosial əlçatanlığın artırılması

Burada xüsusilə bir məqamı vurğulamaq istərdim: ipoteka proqramının uğurunu yalnız verilən kreditlərin məbləği ilə ölçmək düzgün olmazdı. Əsas göstəricilərdən biri neçə ailənin mənzil sahibi olması və bu mexanizmin hansı sosial qruplar üçün əlçatanlıq yaratmasıdır.

Fondun məlumatına görə, ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr, kreditlərin təxminən 22 faizini isə regionlar təşkil edir. Bu, mexanizmin sosial əhəmiyyətini göstərən mühüm göstəricidir.

Fərid Cəfərli, əmlak məsələləri üzrə ekspert
Xəbəri paylaş