Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Vaşinqton münasibətləri Azərbaycanın bölgədəki lider rolunu daha da möhkəmləndirəcək

Bakı-Vaşinqton münasibətləri Azərbaycanın bölgədəki lider rolunu daha da möhkəmləndirəcək



ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi və eləcə də Qazaxıstan və Özbəkistan liderlərini dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsi ötən günün ən mühüm geosiyasi gəlişmələrindən biri olmaqla yanaşı, həm də Azərbaycan və Mərkəzi Asiyanın Ağ Evin hazırkı administrasiyası üçün önəminin daha da artmasının göstəricisidir. İstər "orta güc"ə çevrilən Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyi və nəqliyyat-logistika imkanları, istərsə də Mərkəzi Asiyanın strateji əhəmiyyətli təbii resursları və coğrafi mövqeyi ABŞ rəhbərliyini mövcud geosiyasi təlatümlər və qlobal rəqabət fonunda Bakı və Mərkəzi Asiya ilə daha sıx əməkdaşlığa sövq edir. Eyni zamanda, Tramp administrasiyasının Cənubi Qafqazda məhz Azərbaycana istinad etməsində və bizim ölkəmizlə strateji tərəfdaşlığın inkişafına dərin maraq göstərməsində Prezident İlham Əliyevin uğurlu xarici siyasəti mühüm rol oynayır.

Azərbaycanın son illərdə balanslaşdırılmış, çevik və prinsipial diplomatiya aparması, regionda sülh və sabitliyin təşviqinə verdiyi töhfə, eləcə də böyük güclər arasında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi beynəlxalq aləmdə ölkəmizin nüfuzunu xeyli yüksəldib. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi aktorlarından biri kimi qəbul olunur.

Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji təhlükəsizliyi və Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının genişlənməsi kimi məsələlər Bakını qlobal gündəmin mərkəzinə çıxarır. ABŞ üçün isə bu reallıq Azərbaycanı həm iqtisadi, həm də siyasi baxımdan daha önəmli tərəfdaşa çevirir. Azərbaycanın geosiyasi önəminin layiqincə qiymətləndirilməsi Vaşinqton xarici siyasətində müsbət yenilikdir.

Eyni zamanda, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın dərinləşməsi də Vaşinqtonun regiona yeni prizmadan yanaşdığını göstərir. Qazaxıstan və Özbəkistanın enerji ehtiyatları, nəqliyyat marşrutları üzərindəki mövqeyi və regional inteqrasiya potensialı ABŞ üçün alternativ tərəfdaşlıq imkanları yaradır. Bu isə qlobal rəqabətin kəskinləşdiyi, ənənəvi ittifaqların yenidən nəzərdən keçirildiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Ağ Evin Azərbaycan və Mərkəzi Asiyaya artan marağı təsadüfi deyil. Bu, həm bölgənin geoiqtisadi çəkisinin yüksəlməsi, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın etibarlı və təşəbbüskar dövlət kimi formalaşmasının nəticəsidir. Görünən odur ki, yaxın illərdə Bakı ilə Vaşinqton arasında əməkdaşlıq daha da strateji məzmun qazanacaq. Başqa sözlə, Bakı-Vaşinqton münasibətləri Azərbaycanın bölgədəki lider rolunu daha da möhkəmləndirəcək.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş