Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa şəhəri - Zəfərin rəmzi, milli mədəniyyətimizin beşiyi

Şuşa şəhəri - Zəfərin rəmzi, milli mədəniyyətimizin beşiyi



Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin təcəssüm olunduğu Şuşa şəhəri xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağın qoynunda yerləşən bu qədim şəhər əsrlər boyu Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin və mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Məhz bu səbəbdən Şuşanın azadlığı və yenidən dirçəlişi hər bir azərbaycanlı üçün xüsusi qürur və tarixi əhəmiyyət daşıyır.

Qeyd etmək istərdim ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın işğaldan azad olunması istiqamətində mühüm uğurlar qazanmışdır. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən ən mühüm hadisələrdən biri olmaqla, xalqımızın illərlə davam edən həsrətinə son qoymuşdur.
2023-cü il iyulun 31-də Prezident Cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamın imzalanması Şuşanın tarixi və mənəvi əhəmiyyətinin bir daha vurğulanması baxımından mühüm hadisə olmuşdur. Həmin Sərəncama əsasən, noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis edilmişdir. Bu tarix həm də xalqımızın tarixi Zəfərinin rəmzi olan 8 Noyabr – Zəfər Günü ilə eyni gündə qeyd olunur.
Bu gün Şuşada həyatın yenidən canlanması, şəhərin tarixi simasının qorunması və müasir infrastrukturun qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Şuşanın azadlığı uğrunda igid əsgərlərimizin keçdiyi mürəkkəb dağ-meşə yolları əsasında inşa edilən 101 kilometrlik avtomobil yolu Prezident İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılmışdır. Bu yol həm hərbi qəhrəmanlığımızın, həm də xalqımızın tarixi Qələbəsinin rəmzlərindən birinə çevrilmişdir. Şuşanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm addımlar atılmış, şəhər 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunmuş, bu çərçivədə şəhərin tarixi və mədəni irsinin təbliğinə xüsusi diqqət yetirilmişdir.
Hazırda Şuşada aparılan bərpa və quruculuq işləri, yeni infrastruktur layihələri və keçmiş sakinlərin doğma yurda qayıdışı şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Görülən işlər nəticəsində Şuşa gündən-günə yenilənir, tarixi-mədəni irsi qorunmaqla yanaşı, müasir şəhərsalma prinsipləri əsasında inkişaf edir. Əminliklə demək olar ki, Şuşa bundan sonra da Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və dövlətçilik qürurunun rəmzi olaraq öz mövqeyini qoruyacaqdır.

Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş